Bia.Az

Ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır - Tural Hüseynli

Cəmiyyət
 19-11-2020, 13:05     510

Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.

   Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.

   Səfər zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılanmışdır. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezident xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır.

   Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.

Bəli, 44 günlük İkinci Vətən müharibəsi döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” Soçi möhrününü birdəfəlik təsdiq etdi. Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu.

 ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi.Düşmən bu illər ərzində insanlığa sığmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, Qubadlını, Cəbrayılı ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata bilmək üçün dayanmadan çalışdı, işğal etdiyi bütün yurdlarımızı viran elədi, daşı daş üstündə qoymadı, təbiətimizə qənim kəsildi, yeraltı-yerüstü sərvətlərimizi taladı, tarixi, maddi-mədəni abidələrimizə, musiqimizə göz tikdi. Azərbaycanın tarixi torpaqlarından əsl sahibindən heç bir nişanə qalmaması üçün min cür fırıldaqlara əl atdılar. Elə bildilər ki, Azərbaycan xalqı bir daha öz ata-baba yurdlara dönməyəcək. Düşmən anlaya bilməmişdir ki, 30 illik uzun bir ayrılıq belə Azərbaycan xalqının qəlbindən, könlündən Qarabağ sevdasını çıxarıb, ata bilməz. Axı, Qarabağ Azərbaycandır!

Tural Hüseynli,
Nəsimi rayonu.
скачать dle 12.1