TDT-nin Azərbaycan Nümayəndəliyində Silahlı Qüvvələr Günü qeyd olunub

Turan Dövləti Təşkilatlarının (TDT) Azərbaycan Respublikasındakı Nümayəndəliyində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107 illiyi və 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Arifə xanım Hüseynovanın məruzəsi dinlənilib.
Arifə xanım qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırılıb və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atılıb. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
A.Hüseynova bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ordu quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan ordusu müstəqilliyin əsas dəyərlərindən birinə cevrilib. Müzəffər ali baş komandan, cənab prezident İlham Əliyev tərəfindən ordu quruculuğu prosesi uğurla davam etdirilib, silahlı qüvvələrin müasirləşməsi və təkmilləşməsi istiqamətində görülən nəhəng işlər postmüharibə dövründə də davam edib.
Sonra sədr müavini Mənsurə Gərayeva cıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatına başlayan Milli Ordumuz 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı Qələbə çalaraq tarixi nailiyyətlərindən danışıb. O, qeyd edib ki, döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində - noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad edib. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatıb.
Cıxış edən sədr müavini Emil Seyidşahov isə vurğuladı ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.