Bia.Az

Elçibəysiz Kələki: Azərbaycanın ən məşhur kəndində bu gün həyat necədir?

Cəmiyyət
 25-06-2025, 00:56     360

Bu gün Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin anadan olmasından 87 il ötür. Hər il olduğu kimi, bu tarixdə də onun keçmiş silahdaşları məzarını ziyarət edirlər.
Bu münasibətlə Globalinfo.az Elçibəyin ailəsinə yaxın olan Çingiz Özgürlə söhbətləşib.
Həmin müsahibəni oxuculara təqdim edirik:
– Çingiz bəy, Əbülfəz Elçibəyin qəbrini ziyarət etdinizmi bu gün?
– Bəli, hazırda oradan gəlirəm.
– Bildiyimiz kimi, 1993-97-ci illərdə Əbülfəz Elçibəy doğulduğu Kələki kəndidə yaşayıb. O zamanlar bu kəndə ziyarətçilər axın edərdi. Bəs indi Elçibəyin bir vaxtlar yaşadığı evdə kim qalır?
– Elçibəyin Kələkidə həm atasından qalmış ev, həm də dövlət tərəfindən verilmiş rezidensiya adlanan bina var idi. Bu isə Kələkidə Geologiya İdarəsinin binası olmuşdu. Sonralar həmin ev başqa adama satıldı. Yəni Elçibəyin oturduğu, görüşlər keçirdiyi binanı satdılar. Amma ata-babasından qalan evdə hazırda onun övladı yaşayır.
– O evin vəziyyəti necədir?
– Ata-baba yurdunda son vaxtlar bəzi təmir işləri görülüb. Məsələn, dam örtüyü və bəzi şeylər dəyişdirilib. Bildiyiniz normal kənd evidir.
cingiz ozgur
Çingiz Özgür

– Dediniz o evdə övladı yaşayır. Bəs muzey kimi fəaliyyət göstərmir?
– Kələkidə olan evin 2 otağı Əbülfəz Elçibəyin ev muzeyi kimi fəaliyyət göstərir. Lakin bu, rəsmi fəaliyyət deyil. Sadəcə, onun yaxın silahdaşlarından biri – Sabir bəy orada qonşuluqda yaşayır və oranın açarı ondadır. Dünyanın və Azərbaycanın hər yerindən kimsə ziyarətə gəldikdə Sabir bəy açır, qonaqlara muzeyi göstərir.
– Kələkidə indi vəziyyət necədir?
– Kələkidə hazırda vəziyyət digər ucqar dağ kəndləri ilə eynidir. Əhalinin əsas hissəsi olan gənclər paytaxt və ya digər yerlərə işlə bağlı gedirlər. Orada yaydan yaya həyat daha da qaynayır, qışda isə az adam olur.
– Bir zamanlar Azərbaycanın ən məşhur kəndində indi nə qədər əhali var?
– Əhalinin sayı barədə konkret bir söz deyə bilmərəm. Çünki rəsmi qeydiyyatda olan adamlar var ki, orada yaşamırlar. Yəqin əhali sayı hazırda 300 civarında olar.
– Kələkidə camaat əsasən nə işlə məşğul olur?
– Camaat həmişəki işlərlə məşğuldur. Məsələn, arıçılıq, kənd təsərrüfatı, maldarlıq, heyvandarlıqla məşğuldurlar.
Zaira Akifqızı
Globalinfo.azскачать dle 12.1