Axundun qaçırdığı azyaşlı qızla bağlı Dövlət Komitəsindən - AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi axundla qaçan 16 yaşlı qızla danışıqlar aparıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Komitədən məlumat verilib.
Bildirilib ki, 16 yaşlı qızın Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu kimi fəaliyyət göstərmiş şəxslə birgə qaçması barədə Daxili İşlər Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanında araşdırma həyata keçirilir.
"Qızla aparılmış danışıq zamanı könüllü razılıq əsasında getdiyini bildirib.
Bundan əlavə, hazırda Rayon İcra Hakimiyyəti tərəfindən ailəyə baş çəkərək, qıza psixoloji dəstək göstərilməsi ilə bağlı iş həyata keçirilir", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qızı evlənmək üçün qaçırıb. Bu barədə qızın ailəsi polisə məlumat verib.