Nəsimi rayonunda qanunsuz KÜÇƏ ALVERİ - Şəhər üfunətə qərq olur...

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində yerləşən Hüseynbala Əliyev küçəsi son zamanlar nəzarətsiz VƏ qanunsuz küçə alverinin, nəqliyyat sıxlığının və ən əsası, antisanitariya vəziyyətinin mərkəzinə çevrilib. İllərdir ki, bu ərazidə küçə ticarəti adı altında aparılan qeyri-qanuni fəaliyyətlər artıq təkcə sakinlərin rahatlığını pozmaqla qalmır, həm də onların sağlamlığı üçün ciddi təhlükə yaradır.
BİA.az xəbər verir ki, ərazidə fəaliyyət göstərən qeyri-rəsmi alverçilər tərəfindən hər gün böyük miqdarda ərzaq və digər tullantılar əmələ gəlir. Sakinlərin dediyinə görə, bu tullantılar günlərlə zibil qutularının ətrafında qalaqlanaraq qalır. Bu vəziyyət nəticəsində küçədə dözülməz qoxu və ekoloji çirklənmə hökm sürür.
“Artıq pəncərə açmaq mümkün deyil. Ən kiçik külək olanda üfunət bütün evlərə yayılır. Uşaqları küçəyə buraxmaqdan çəkinirik. Özü də yayın bu istisində tullantılar mikrobların yayılması üçün birbaşa təhlükə mənbəyidir,” – deyə sakinlərdən biri bildirir.Həqiqətən də, temperaturun yüksəldiyi günlərdə tullantıların çevrəsində yaranan qoxu və gigiyenik vəziyyət küçəni yaşanmaz hala gətirib. Küçədəki antisanitariya görüntüləri, su axarlarında və səki kənarlarında çürümüş ərzaq qalıqları isə problemin miqyasını daha da qabarıq göstərir.
Azərbaycan qanunvericiliyinə əsasən, küçə ticarəti yalnız müvafiq icazə və nəzarət çərçivəsində həyata keçirilə bilər. Lakin Hüseynbala Əliyev küçəsindəki vəziyyət göstərir ki, bu qaydalara əməl olunmur. Satışda olan məhsulların heç bir gigiyenik və sanitar nəzarətdən keçmədiyi açıq-aydın görünür. Bu isə sakinlərlə yanaşı, alıcılar üçün də ciddi sağlamlıq riski yaradır.Məsələ ilə bağlı aidiyyəti qurum – əraziyə cavabdeh Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlamağa cəhd etsək də, heç bir rəsmi açıqlama verilmədi. Sakinlərin bildirdiyinə görə, bu problem barədə dəfələrlə şikayətlər edilsə də, ya cavab verilməyib, ya da “ərazidə tədbirlər görüləcək” vədləri havada qalıb.
Maraqlıdır: bu qədər ciddi antisanitariya şəraiti, açıq qanun pozuntusu və ictimai narazılıq fonunda niyə məsul qurumlar hərəkətsiz qalır?
Yay aylarının gəlməsi ilə vəziyyət daha da kritikləşir. Havanın temperaturu artdıqca tullantılar daha sürətlə çürüyür, bu da bakterial və virus mənşəli infeksiyaların yayılması üçün münbit şərait yaradır. Küçədə açıq şəkildə satılan meyvə-tərəvəzlərin ətrafında uçuşan milçəklər və digər həşəratlar isə bu təhlükəni bir az da artırır.Qida Təhlükəsizliyi Agentliyi və Sanitar-Epidemioloji Xidmətin bu əraziyə diqqət yetirməsi labüddür. Belə davam edərsə, burada qida zəhərlənmələri, yoluxucu xəstəliklərin yayılması və şəhər sakinləri üçün kütləvi sağlamlıq problemləri qaçılmaz olacaq.Bu cür halların qarşısını almaq üçün şəhər icra hakimiyyəti, rayon rəhbərliyi, bələdiyyə və hüquq-mühafizə orqanları birgə və koordinasiyalı şəkildə tədbirlər görməlidir. Qanunsuz küçə alveri yalnız şəhər estetikası və rahatlığına zərbə vurmur, həm də paytaxtın nüfuzuna xələl gətirir.Bakı şəhərinin mərkəzində bu cür nəzarətsiz ərazilərin mövcudluğu, əslində, şəhər infrastrukturunun nə qədər zəif idarə olunduğunun bariz nümunəsidir. Problemə laqeyd yanaşmaq əvəzinə, sistemli və davamlı həll yolları tapılmalı, qanunsuz alverçilərə qarşı hüquqi tədbirlər görülməlidir.
Ümumiyyətlə, Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsində yaranmış bu vəziyyət təkcə bir küçənin problemi deyil – bu, bütövlükdə ictimai məsuliyyətin, şəhər idarəçiliyinin və dövlət orqanlarının nə dərəcədə vətəndaşa xidmət etdiyinin göstəricisidir. Sakinlər cavab tələb edir: “Hara baxırsınız? Vaxt itirmədən bu məsələyə ciddi yanaşın, vətəndaşların səsini eşidin!

