Bia.Az

Fərid Mansurov: "Namizədim yoxdur, amma millidə yerli baş məşqçi istərdim"

Cəmiyyət
 4-03-2020, 13:43     411

Fərid Mansurov: "Namizədim yoxdur, amma millidə yerli baş məşqçi istərdim""Komandanın turnirə hazırlığından çox şey asılıdır. Düşünürəm ki, Azərbaycan millisi pis qrupa düşməyib".

Bu fikirləri "bia.az"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov UEFA Millətlər Liqasının püşkünün nəticəsini dəyərləndirərkən deyib.

O, yığmanın C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə görüşlərindəki şanslarından da söz açıb: "Komanda idman növündə nəticə qazanmaq çətindir. Amma hər şey gözləmək olar. Bir daha deyirəm ki, millinin hazırlığından çox şey asılıdır. Yaxşı olardı ki, futbolçularımız ölkə xaricində legioner həyatı yaşasınlar. Bu, komandadakı rəqabəti daha da gücləndirərdi".

F.Mansurov İcraiyyə Komitəsinin üzvü olaraq heç bir baş məşqçinin namizədliyini təqdim etmədiyini söyləyib: "İK-nın hər üzvündən namizədlərinin olub-olmaması soruşuldu. Mənim namizədim isə yox idi. Amma istərdim ki, milli komandaya yerli baş məşqçi rəhbərlik etsin".

2004-cü il Yunanıstanın paytaxtı Afinada keçirilmiş Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sabiq yunan-Roma güləşçisi Azərbaycan pəhləvanlarının Tokio olimpiadasındakı şanslarından da söz açıb: "Güləş komandası hazırda iki lisenziya əldə edib. Qarşıda iki təsnifat yarışı var. Güləşçilərə hər zaman inanmışıq və yenə də inanıram. Vəsiqələrimizin sayı daha da artacaq. Buna əminəm. Olimpiadada medal qazana biləcək idmançılarımız var. Adlarını çəkmək istəməzdim, amma güləşçilərimizin çoxu dünya və Avropa çempionatlarında medalçılar sırasına düşə bilirlər. Ona görə komanda şəklində güclüdürlər. İnanıram ki, nəticələrimiz yaxşı olacaq. Neçə lisenziya qazanacağımızı zaman göstərəcək. Təsnifat turnirləri irəlidədir. Digər idman növlərində də lisenziya şanslarımız çoxdur. İdmançılarımızı taekvondo, boks, güləş və s. növlərdə təsnifat yarışları gözləyir".

Qeyd edək ki, UEFA Millətlər Liqasında Azərbaycan millisi ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa qarşı keçirəcək. Yaponiya paytaxtında XXXII Yay Olimpiya Oyunları isə 24 iyul - 9 avqustda keçiriləcək.скачать dle 12.1