Ukraynalı avtoritet Oleq Bakinskinin məhkəməsi başladı

Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski” ləqəbi ilə tanınan Krapivin Oleq Andreyevic və Kuçer Konstantin Antonoviçin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
O bildirib ki, Ukrayna dilini bilir, həmin dil üzrə tərcüməçi istəyir. Rus dilində tərcüməçi ilə təmin olunan təqsirləndirilən şəxsə hüquqları izah olunub.
Krapivin Oleq Andreyevic deyib ki, hazırlıq iclasında rus dilindən tərcüməçiyə etiraz etmir, amma məhkəmə baxışında Ukrayna dilindən tərcüməçi ilə təmin olunsun.
Digər təqsirləndirilən Kucher Kostıanyn Antonovıchin Azərbaycan dilində sərbəst danışa bildiyini, Şamaxı rayonunda anadan olduğunu deyib. Onun 8 uşağı var.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müəyyən edilib.
Hazırda proses davam edir.
Qeyd edək ki, cinayət işi üzrə Zaxarenkov Valeriy Nikolayeviç zərərçəkmiş qismində tanınıb.
İş üzrə daha iki şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapchast” Açıq Səhimdar Cəmiyyəti və “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Oleq Krapivin kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınır.
Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kuçer isə xuliqanlıq və dələduzluq maddələri ilə ittiham olunurlar.
Kuçer Konstantin Antonoviçin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.