Tovuzda məktəbdə zəhərlənənlər xəstəxanadan evə buraxılıblar- Rəsmi

Tovuzda şagirdlərin tüstüdən zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması səbəbindən tüstülünmə nəticəsində 62 nəfərin xəstəxanaya yerləşdirilməsi faktı üzrə Tovuz rayon prokurorluğunda araşdırma aparılır.
Xəstəxanaya müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb, səhhətləri normaldır.
***
14:56
Tovuz rayonunun Asağı Quşcu kəndində 1 nömrəli məktəbdə baş verən hadisə zamanı müəllimlər də tüstünün təsirinə məruz qalıb.
Teleqraf.com-un Qərb bürosu xəbər verir ki, müəllimlər şagirdləri sinif otaqları və dəhlizlərdən çölə çıxarmağa çalışarkən tüstünün təsirindən özlərini pis hiss ediblər.
Hazırda isə səhhətləri normaldır.
***
14:40
Tovuz rayon, Aşağı Quşçu kəndində məktəbdə tüstüdən zəhərlənən şagirdlərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, 60 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Zərərçəkənlər müvafiq şöbələrə yerləşdirilib. Hazırda onların hər birinə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri stabildir. Artıq 27 nəfər ambulator müalicə üçün evə buraxılıb".
***
13:39
Tovuz rayon, Aşağı Quşçu kəndində məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə səhər saat 11:00 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən məktəbdə şagirdlər arasında dəm qazından kütləvi zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Vurğulanıb ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb edilib.
"Saat 13:20 radələrinə olan məlumata görə, 55 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Zərərçəkənlər Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya, Cərrahiyyə və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilir", - deyə TƏBİB-dən bildirilib.
***
12:00
Qazax-Tovuz Regional Təhsil İdarəsi Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində qeydə alınan zəhərlənmə ilə bağlı məlumat yayıb.
Teleqraf.com-un Qərb bürosu həmin məlumatı təqdim edir:
"Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 2 sinfində pelet sobasının tıxanması tüstülünməyə səbəb olub. Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tovuz rayonu üzrə təhsil sektorunun əməkdaşları hadisə yerindədir. Tüstülənmə nəticəsində 20-yə yaxın şagird özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır.
Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Tədris prosesinin fasiləsizliyini təmin etmək üçün zəruri işlər görülür".
***
11:30
Tovuz rayonunda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.
Teleqraf.com-un Qərb bürosunun əldə etdiyi xəbərə görə, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən 1 nömrəli məktəbdə baş verib.
İlkin məlumata görə, şagirdlər sinifdə quraşdırılan sobanın tüstü borusunun tıxanması və sinfə tüstü dolması nəticəsində zəhərləniblər.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zəhərlənən şagirdlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktı Qazax-Tovuz Regional Təhsil İdarəsindən təsdiqləyiblər.
Hazırda zəhərlənən şagirdlərin sayı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.