Bələdiyyə seçkiləri niyə təxirə salındı? – Dolaşıqlıq yaranıb…
Növbədənkənar prezident seçkiləri və parlament seçkilərinin ardınca 2024-cü il üçün Azərbaycanda bələdiyyə seçkilərinin də keçiriləcəyi gözlənilirdi. Lakin bir müddət öncə Mərkəzi Seçki Komissiyasından verilən məlumatlara görə, bu il bələdiyyə seçkiləri baş tutmayacaq. Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq.
MSK sədri Məzahir Pənahov səsləndirdiyi təklifdə seçkilərin 2025-ci il yanvarın sonlarında keçirilə biləcəyini vurğulayıb.
Bələdiyyə seçkiləri niyə təxirə salındı? Hansı vacib səbəb seçkini ertələdi?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, ölkə COP29 sammitinə hazırlaşır. Böyük tədbirin keçirilməsinə bir neçə gün qalır:
Fazil Mustafa
“Bələdiyyələrin sayında islahat xarakterli dəyişikliklər oldu. Bələdiyyə sayı 680-ə endirildi. Bu qərar qanunvericilik səviyyəsində qəbul olunub, təsdiqi gözlənilir. Qanunun qüvvəyə minməsinin ardınca rahatlıqla bələdiyyə seçkilərini keçirmək mümkün olacaq. Çünki indi seçkinin elan edilməsi dolaşıqlığa səbəb ola bilər. Belə ki, indi keçirilərsə, əvvəlki 1600-dən artıq bələdiyyə namizədlik verməlidir. Bu da ciddi problemlərin yaranmasına səbəb olar. Ona görə də sırf texniki məsələlərlə bağlı cüzi təxirəsalınma var. Yəni böyük qəbahət daşımır. Azərbaycan konstitusiyasında bələdiyyə seçkilərinin konkret şəkildə hansı tarixdə keçiriləcəyinə dair norma yazılmayıb. Sadəcə bələdiyyələrin səlahiyyət müddəti 5 il müəyyən edilib. Bəzi hallarda müəyyən müddət ərzində geri çəkmək böyük bir problem yaratmır”.