AQTA dönər mafiyasını “şişə” çəkdi – “Əti bizdən almasanız…”
Xəbər verdiyimiz kimi, dönər üçün lazım olan ət yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi kəsim məntəqələrindən alınmalıdır. Deyilənə görə, bu addım insanların zəhərlənməsinin qarşısını almaq məqsədi ilə atılıb. Maraqlıdır, bu qərar dönərdən zəhərlənmələrin, eləcə də murdar ətin bazara dönər sənayesi vasitəsilə girməsinin qarşısını alacaqmı? Ümumiyyətlə, verilən qərar növbəti monopoliyanın yaranmasına səbəb ola bilərmi? Bazardakı monopoliya bir qrupun əlindən alınıb, digərinə verilməyəcək?
Globalinfo.az-a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, qida eksperti Elsevər Fərzəliyev AQTA-nın ideyasında böyük həqiqət olduğunu qeyd edib.
Onun sözlərinə görə, AQTA əməkdaşları yoxlanışlar zamanı dönər ətinin keyfiyyət göstəricilərini və standartlara uyğunluğunu müəyyənləşdirdikdən sonra onun istifadəsinə icazə verəcək:
“Bu qərar mənşəyi məlum olmayan, istifadəyə yararsız olan, zəhərlənmə törədə biləcək ətlərin satışının qarşısını alacaq. AQTA-nın bu addımı olduqca bəyəniləndir. Verilən qərar monopoliya yarada bilməz. Ona görə ki, prinsip etibarilə AQTA dövlətin irəli sürdüyü qaydaları müdafiə edən bir təşkilatdır. Həm də Azərbaycan əhalisinin sağlam qidalanmasına nəzarət edir. Elə məsələləri idarə edən bir qurum olduğu üçün monopoliya yaratmaz. Digər tərəfdən də qurumun bu işlə məşğul olan əməkdaşlarının sayı azdır. Bunlar da dövlətin müvafiq qanunlarına, tələblərinə rəğmən hərəkət edirlər”.
Elsevər Fər
E.Fərzəliyevin fikrincə, verilən qərar monopoliyanın yaranmasına səbəb olmayacaq:
“Yanaşmanı belə dəyərləndirmək olar ki, burada heç bir asılılıq və ya monopoliyanın yaranmasına ehtiyac duyulmur. Çünki bunlar əgər insanların sağlamlığını qorumağa xidmət göstərirlərsə, həmin xidməti də icra etmiş olacaqlar. Bizim mənşəyi məlum olmayan ətlərdən əldə etdiyimiz acı nəticələr təbii ki, AQTA-nın bütün tədbirləri qarşısında çox böyükdür. Bilirsiniz, təşkilat bu tələblə şəxsi və ya qrup maraqlarını leqallaşdırmaz. Ümid edirəm ki, AQTA-nın qəbul və ya tövsiyə etdiyi tələb insanların sağlamlığının mühafizəsinə xidmət edir”.