Noyabrda Bakıda mühüm hadisə gözlənir – Mötəbər sənəd masada

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib ki, noyabr ayında on minlərlə iştirakçı iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün COP29-la bağlı Bakıya səfər edəcək.
Sitat: “Bu məqsədlə Ermənistan daxil olmaqla, bütün ölkələrə dəvət göndərilib. Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil. Ermənistanın baş naziri Nikol Paşinyan da bu barədə açıqlamasında qəti fikir bildirməyib”.
Mediada yayılan məlumatlara görə bu məsələ ilə bağlı Ermənistan XİN-ə müraciət edilib. Xarici işlər naziri Ararat Mirzoyanın səfəri gözlənilirdi.
Bəs Paşinyanın Bakıya səfəri mümkündürmü? Hazırkı şərait onun Azərbaycana gəlməsi üçün əlverişlidirmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Azərbaycan digər ölkələr kimi Ermənistanı da COP29-la bağlı Bakıya dəvət edib:
Samir Hümbətov
“Ermənistan Baş naziri Nikol Paşinyan açıqlamasında bildirdi ki, səfər edib-etməyəcəyi həmin vaxtdakı ümumi vəziyyətlə bağlıdır. Üst səviyyədə nümayəndə heyətinin Bakıya gəlməsinin mümkün olduğunu düşünürəm. Nikol Paşinyan, Ararat Mirzoyan, yaxud Alen Simonyan gələ bilər. Hələlik bununla bağlı dəqiq fikir söyləmək mümkün deyil. Baş nazirin səfərini də istisna etmək olmaz. Azərbaycanla Ermənistan arasında noyabr ayına qədər hər hansı saziş imzalana bilər. Bu da Paşinyanın Bakıya səfərinə əlverişli şərait yaradacaq. Bu səfəri ilə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışdığını göstərəcək”.