Hüseyn Abdullayev azadlığa çıxa bilər? – Açıqlama

Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseyn Abdullayev həbsxanada infarkt keçirib. Xəbəri H.Abdullayevin keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.
H.Abdullayevin vəziyyəti, xəstəliyi səbəbindən azadlığa çıxma ehtimalını araşdırdıq.
Mövzunu Globalinfo.az-a şərh edən hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı deyib ki, onlarda olan son məlumata görə, Hüseyn Abdullayev hazırda Kürdəxanı təcridxanasındadır.
O, sabiq deputatla bağlı Ombudsman Aparatına müraciət etdiklərini bildirib:
Səidə Qocamanlı
“Hüseyn Abdullayevin anası bizə müraciət edən zaman oğlunun infarkt keçirdiyini bildirdi. Amma həkimlər onu müayinə etdikdən sonra infarkt olmadığını bildiriblər. İndi hansının düz, hansının səhv olduğunu deyə bilmərik. Lakin biz yenə də Monitorinq Qrupu adından Ombudsman Aparatına müraciətimizi etdik. Onlar da sabiq deputatın yanında olublar. Artıq H.Abdullayevin səhhətini diqqətdə saxlayırlar. Yaxın günlərdə yenə ziyarət edəcəklər. Həkimlər infarkt xəbərini təkzib etsələr də, hər halda adamın nəsə bir xəstəliyi var”.
S.Qocamanlı H.Abdullayevin azadlığa çıxma şansından danışıb:
“Hüseyn Abdullayevin azadlığa çıxıb-çıxmaması birbaşa prezidentin səlahiyyətindədir. Bilirsiniz ki, əfv etmək, azadlığa buraxmaq birmənalı olaraq ölkə başçısının qərarı ilə həyata keçirilir. Hər halda bu məsələ diqqətdən kənarda qalmayacaq”.