Bia.Az

İran həbsxanasında saxlanılan Fəridin anası: - “Bu gün danışdım, çox əsəbidir...”

Cəmiyyət
 29-07-2024, 16:18     335

"Fəridlə bu gün əlaqə saxladım, danışdım. Şəraitindən elə bir narazılığı yoxdur. Amma çox əsəbidir".

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında İranda həbsdə olan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib.

Onun sözlərinə görə, Fəridin səhhətində sinir sistemi ilə bağlı problemləri yaranıb:

"Düzdür, həbsxanadır, 12 nəfər bir yerdə yaşayır, alışmadığı şəraitdir. Amma ümumən təmizliklə və digər bu kimi məsələlərlə bağlı bir şikayəti yoxdur. Deməzdim ki, yaxşıdır. Olduqca gərgindir. Sağlığı ilə bağlı narahat olduğum məqam əsəbi olmasıdır. Gərgindir, hər zaman olduğu kimi əsəbidir".

D.Əsgərova bildirib ki, Fəridlə görüşmək istəsə də, təhlükəsizlik baxımından buna icazə verməyib:

"Görüş üçün Fərid özü icazə vermir. Mənim həbsxanaya getməyimi Fərid istəmir. Yoxsa mən çoxdan ora getmişdim. Dəfələrlə xahiş etmişəm ki, gəlim, getməyimə icazə verməyib".

O deyib ki, İrandakı Azərbaycan Səfirliyinə yenidən məktub yollayıb:

“Təəssüf ki, səfirlikdən mənimlə əlaqə saxlayan olmayıb. Əlaqə nömrələrini də tapa bilmirəm. Səfirimiz Əli Əlizadəyə səfirliyin email adresi vasitəsilə məktub yazmışam. Hələ ona da bir cavab yoxdur. Yəqin işə yeni başlayıblar, yaxın günlərdə maraqlanarlar".

Xatırladaq ki, rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfər edib. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub. O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub.

Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb.

Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.

Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etməyib. Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.
скачать dle 12.1