Bia.Az

Taksi qərarı “işbaz” və alverçilərin “əlinə oynadı” - HƏQİQƏTƏN DƏ...

Cəmiyyət
 1-07-2024, 16:40     496

Bu gündən etibarən taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.

“Cebhe.info” xəbər verir ki, taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin istehsal tarixi 8 ildən az olmalıdır. 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək.

Həmçinin qeyd edilən tarixdən sonra buraxılış kartı almaq üçün təqdim olunan avtomobillər 2024-cü ilin iyul ayının 1-dən sonra ölkəmizə idxal edilmişdirsə və ya ölkəmizdə istehsal olunmuşdursa, onların rəngi ağ və ya qırmızı olmalıdır.

Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.

Vətəndaşın avtomobili 2012-ci il istehsalıdırsa, 1 iyul 2024-cü il tarixinə kimi icazə üçün müraciət edibsə, üç illik icazə ala biləcək. Bu halda rəng tələbi tətbiq edilmir. Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.

Məlumata görə, bugünədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.

Maraqlıdır, yeni qərardan sonra taksilərin sayı və qiyməti necə dəyişəcək?

Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov “Cebhe.info”-ya açıqlamasında deyib ki, taksi fəaliyyətini tənzimlənməsinə dair indiyə qədər işlər görülürdü:

“Fevral ayından taksi ilə bağlı məsələ gündəmə gəlmişdi. Mart ayında Milli Məclisdə müzakirə olundu və sonra dəqiq vaxt olaraq 1 iyuldan qərar qəbul edildi”.

Ekspert vurğulayıb ki, yeni qərardan yaralanan müxtəlif kateqoriyalı ayrı-ayrı şəxslər olub:

“Bu qərardən yararlanan əsasən “işbaz”lar, avtomobil alverçiləri və digər kateqoriyalı insanlar olub. Bu kimi hallar birinci dəfə deyil. Oxşar hallar daha əvvəllər də baş verib. Yeni avtomobillərin gətirilməsi, alınması, sahibkarlara dəstəyin təmin olunması və digər formada görülən işlər təbii ki nəticəsiz qala bilməz”.

O qeyd edib ki, yeni qərar düşünülüb və təhlil edildikdən sonra qəbul olunub:

“Yeni qərar qəbul edilməzdən öncə uzun təhlillər, araşdırılmalar aparılıb, hesablanıb. Ancaq bu qərarın ictimai nəqliyyata necə təsir edəcəyi hələlik məchuldur. İlkin nəticədə insanlar arasında müəyyən narazılıqlara səbəb olub. O da böyük ehtimalla müvəqqətidir. Zamanla taksi məsələsindəki nöqsanlar aradan qaldırılacaq. Çünki taksi ilə bağlı yaxın bir necə ayda çox ciddi qanunlar qəbul olunub”.
скачать dle 12.1