Bia.Az

Şahid məhkəmədə generalın üzünə bunları dedi – 143 milyonluq oğurluq işi

Cəmiyyət
 17-04-2024, 11:55     167

Sabah, aprelin 18-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdiriləcək.

Musavat.com xəbər verir ki, Nizami Məmmədov hakim qarşısına Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə ilə birgə çıxarılıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Yada salaq ki, ötən prosesdə şahid qismində Bilman Ələkbərov ifadə vermişdi. Demişdi ki, 2015-2021-ci illərdə, ayrı-ayrı vaxtlarda 3 hərbi hissədə maliyyə xidmətinin bölmə rəisi işləyib. Dövlətə 118 min 181 manat ziyan vurduğunu etiraf edən şahid bildirmişdi ki, ziyanın bir hissəsini ödəyib.

O deyib ki, onun xidmət etdiyi dövrdə müxtəlif vaxtlarda baş idarədən yoxlama gəlib:

“2016-ci ildə Rüfət Quliyevə 5 min, 2017-ci ildə nazirliyin maliyyə və büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfova 12 min, 2018-ci ildə isə Azər müəllimə 95 min manat verib”.

Şahid bildirib ki, Rafael Xələfova bir neçə dəfə pul verib. Onun sözlərinə görə, bununla bağlı istintaq zamanı Rafael Xələfovla üzləşməsi olub:

“Mən ayrı-ayrı vaxtlarda Rafael Xələfovla 12-12 min olmaqla, iki dəfəyə pul vermişəm. Amma Rafael Xələfov həmin məbləğdən birini etiraf etmirdi. Buna görə də bizim aramızda üzləşmə oldu”.

Daha sonra Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin nəzarət təftişi üzrə baş inspektoru işləmiş Rüfət Quliyev ifadə verib. O bildirib ki, hərbi hissələrdə aparılan yoxlamalarda iştirak edib. Onun sözlərinə görə, təftiş zamanı şişirdilmiş pulları müəyyən ediblər və həmin pulları şöbə rəisi Rafael Xələfova veriblər:

“Hərbi hissələrdə aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunurdu. Amma həmin nöqsanlarla bağlı sənədləşmə aparmırdıq. Sənədləşmə aparılmaması ilə bağlı göstəriş belə idi. Bu göstərişləri də Rafael Xələfov verirdi. Yoxlamalar zamanı yeyintilər aşkar edilirdi. Bununla bağlı Rafael Xələfova məruzə edirdik, onun tapşırığı ilə akt yazırdıq. Amma aktda yoxlamalar zamanı aşkar olunan böyük məbləğləri yox, 100-200 manat yeyinti yazılırdı. Qarşılığında isə yoxladığımız yerlərdən pullar alırdıq. Bu, mənimsənilmiş məbləğlərin 30-40 faizini təşkil edirdi”.

Şahid qeyd edib ki, onun tərəfindən dövlətə vurulmuş ziyanın 95 min manatını ödəyib. Daha sonra ifadə verən digər təftişçi İsmayıl Rəsulzadənin sözlərinə görə, düzgün yolda olmayıblar, xidmətlərini lazımı qaydada yerinə yetirməyiblər:

“Biz hərbi hissələrdə yoxlamaya getmişik. Maliyyə vəsaitlərinə nəzarət etmişik. Yoxlamaların nəticəsində əlavə vəsaitlərin yazılmasını müəyyən etmişik. Bunun da faizini götürmüşük. Bununla bağlı bizə Rafael Xələfov göstəriş verib”.

Şahid deyib ki, təftiş şöbəsində 2021-ci ilin yanvarından, ondan əvvəl isə planlaşdırma şöbəsində işləyib. O deyib ki, onun tərəfindən dövlət büdcəsinə 300 min manat ziyan vurulub. O, dövlətə nə qədər borcu var, hamısını ödəyəcəyini söyləyib. Amma istintaq zamanı verdiyi ifadəsi elan olunan zaman məlum olur ki, İsmayıl Rəsulzadə tərəfindən dövlət büdcəsinə vurulmuş ziyan 370 min manatdır. Şahid bunu təsdiqləyib. Digər şahid Səfər Şıxəliyev deyib ki, Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin inspektoru olub, hazırda təqaüddədir. Onun sözlərinə görə, xidmət etdiyi dövrdə şöbə rəisi Rafael Xəfləfov olub:

“Mən həmin şöbədə 2019-cu ilə qədər işləmişəm. Mən də işlədiyim dövrdə yoxlamalara getmişəm. Artıq vəsaitlərin yazıldığını müəyyən etmişik. Təftiş zamanı aldığımız pulları Rafael Xələfova vermişik”. Şahid deyib ki, onun tərəfindən mənimsənilən vəsait 150 min manatdır. Qeyd edib ki, həmin vəsaitin 75 min manatını Rafael Xələfova verib: “Mən üç dəfəyə Rafael Xələfova 75 min manat vermişəm. İstəyirəm ki, həmin məbləğ 150 min manatdan çıxılsın. İstintaq zamanı Rafael Xələfovla üzləşmişəm. Həmin zaman da bunu orada qeyd etmişəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
скачать dle 12.1