Bia.Az

İranın Bakıdakı “pul kisəsi” hədəfdə: “Bank Meli Iran” Vaşinqtonun diqqətini niyə çəkib?

Cəmiyyət
 5-04-2024, 02:00     293

Bu günlərdə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Peyli Azərbaycana səfər etdi. 

Bu səfər ətrafında mediada ciddi müzakirələr aparıldı. Ümumiyyətlə Abram Peylinin Bakıdakı təmasları son dərəcə maraqla izləndi.
O, Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb. A.Peylinin Bakıda İsrail səfiri ilə görüşü xüsusi diqqət çəkdi.

ABŞ nümayəndəsinin görüşlərində diqqətçəkən məqamlardan biri də Azərbaycanda bank sektorunun nümayəndələri ilə İrana sanksiyaların tətbiqi istiqamətində aparılan müzakirədir. A.Peylinin gündəliyində olan məsələlərdən birinin Bakıda fəaliyyət göstərən “Bank Meli Iran” olduğu deyilir.

Maraqlıdır, bu görüşün “Bank Meli Iran”nın Bakıdakı işinə necə təsir göstərə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov Vaşinqton rəsmisinin səfərinin Azərbaycan üçün vacib olduğunu deyib:
“Abram Peylinin Azərbaycana gəlməsi Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində baş tutdu. Azərbaycan iqtisadi və siyasi güc baxımından regionun lider ölkəsidir. Ona görə də ABŞ-ın müxtəlif rəsmi şəxslərinin, siyasi simalarının bölgəyə səfər edərkən Azərbaycana da gəlməsi bizim üçün müstəsna əhəmiyyətə malikdir. ABŞ diplomatı ilə görüş zamanı müxtəlif məsələlər müzakirə edilib. Lakin əsas mövzulardan biri Vaşinqtonun İranla bağlı məsələlərə diqqət çəkməsi olub. Eyni zamanda biz “Bank Meli Iran” fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı ötən il bəzi konkret addımların şahidi olduq”.

Politoloq ABŞ rəsmisinin səfərinin “Bank Meli Iran”ın Bakı filialının fəaliyyətinə təsir ehtimalını dəyərləndirib:

“Hesab edirəm ki, bu vacib səfər bir mövzu ilə çərçivələnməyib. Ümumiyyətlə səfər zamanı belə bir məsələnin müzakirə edildiyini düşünmürəm. Tehranın Bakı ilə münasibətləri pozan bütün təxribatlarına, provakasiyalarına baxmayaraq, Azərbaycan İran da daxil olmaqla öz qonşularına qarşı hansısa üçüncü ölkələrin fəaliyyətin qoşulmayıb. Biz bütün platformalarda İrana nə qədər səmimi və dürüst qonşu olduğumuzu göstərmişik. Halbuki, İran bizə qarşı yürütdüyü siyasətə görə buna layiq deyil. O baxımdan belə bir qonağın Azərbaycana gəlməsi, burada müzakirələr aparması ölkənin güclü mövqeyi baxımından təbiidir. Amma bu o demək deyil ki, ABŞ-ın, yaxud hansısa rəsmi nümayəndəsinin sözü ilə Azərbaycan hər hansı addımlar atacaq”.

Qeyd edək ki, İran Milli Bankının Bakıda yerləşən filialı 1993-cü ildən fəaliyyət göstərir. Bankın ötən ilə görə nizamnamə kapitalı 73,611 milyon manatdır. 2023-cü ildə isə Azərbaycan Mərkəzi Bankı İran Milli Bankının Bakı filialının fəaliyyətini məhdudlaşdırıb. Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.скачать dle 12.1