“Yaxın günlərdə 3-cü ordu korpusu o ərazilərdən çıxarıla və 4 kənd Azərbaycana qaytarıla bilər...” - “Hraparak”
Ermənistan Baş naziri Nikol Paşinyan Milli Assambleyada “Vətəndaş paktı” fraksiyasının deputatları ilə növbəti qapalı görüşü keçirib. Görüş geniş tərkibdə keçirilib. Hökumətin demək olar ki, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Xəbərdə deyilir ki, iki saata yaxın davam edən görüş gərgin şəraitdə keçib.
“Hakim partiyanın bəzi deputatları Paşinyanın təslimçilik siyasətinə qarşı çıxıblar və onu nəhayət, bizim “qırmızı xətlərimizin” nə olduğunu bəyan etməyə və hansı məsələlərdə Azərbaycana etiraz edə biləcəyimizi deməyə çağırıblar”- erməni nəşri yazır.
Məlumata görə, əvvəlcədən planlaşdırılan görüş Ermənistanın AB üzvlüyünə namizəd olmaq üçün müraciətinin müzakirəsi ilə bağlı olmalı olub. Lakin gündəmə gələn əsas mövzu Tavuş mərzinin dörd yaşayış məntəqəsi olub.
Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O, eyham vurub ki, yaxın günlərdə üçüncü ordu korpusu həmin ərazilərdən çıxarıla və Azərbaycana məxsus 4 yaşayış məntəqəsi öz sahiblərinə qaytarıla bilər.
“Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək”- deyə Paşinyan bildirib.
“Bəzi deputatlar bildirib ki, kəndləri imza ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, çünki xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan cavab verib ki, o, belə yolu istəmir, çünki Azərbaycanın nəinki hərbi yolla “mənsub olduğu” əraziləri alacağına, hətta Loriyə, İrəvana qədər də gedib çıxmayacağına zəmanət yoxdur. Bu dəfə o, əslində silahdaşlarını müharibə ilə qorxudub.
Çıxış edən deputatlar prosesin proporsionallıq prinsipi ilə aparılmasını təklif ediblər: Azərbaycan tərəfi öz yaşayış məntəqələrini alır və bizə də elə həmin Tavuş marzının Berkaber hissəsindəki ərazilərimizi verir. Ancaq Nikol Paşinyan çarəsiz halda etiraf edib ki, Azərbaycana məsələni bu yolla həll etməyi təklif ediblər, lakin müsbət cavab alacaqlarına ümid etmirlər”,- Ermənistan qəzeti belə yazır.