Bağanis-Ayrım soyqırımından 34 il ötür

24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanis Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliamdan 34 il ötür.
Globalinfo.az xatırladır ki, qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülüb, 2 nəfər yaralanıb.
24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanis Ayrıma hücum edib. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar.
Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.
Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirilib, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralanıblar.