Azərbaycanda “Bitcoin” bazarı: - “Ondan dəfələrlə ucuz olan...”

Son günlərdə “Bitcoin”in qiyməti bahalaşmaqda davam edir. Sözügedən kriptovalyuta fantastik dərəcədə bahalaşıb.
Artıq bir “Bitcoin”in dəyəri 72 min dolları ötüb. Onun bir anda bu qədər bahalaşması diqqət çəkir. Bəs “Bitcoin”in bu qədər bahalaşmasına səbəb nədir? Hazırda Azərbaycanda “Bitcoin”ə maraq artıb, yoxsa azalıb?
Bütün bunlarla bağlı “Crypto Consulting MMC”nin direktoru, “kriptoinvest.az” portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev “Cebhe.info”ya danışıb.
O, “Bitcoin”in son 3 il ərzində ilk dəfə olaraq 72 min dollarlıq həddi keçərək “Binance” birjasında 72 min 800 dollara qədər dəyər qazandığını vurğulayıb:
“Hazırda isə “Bitcoin” 1.4 trilyon dollar bazar kapitalizasiyası ilə 72 min dollar ətrafında ticarət edilir. Bu qiymət ilə sözügedən kriptovalyuta ümumi bazar kapitalizasiyasının 52.2%-ni təşkil edir. “Bitcoin”in qiymətinin artmasına təsir edən əsas faktorlar isə birja “spot ETF Fond”larının və korporativ şirkətlərin bu kriptovalyuya olan kəskin tələbətın yaranması və kriptovalyuta bazarına əlavə kapitalın daxil olmasıdır. Həmçinin, aprel ayında gözlənilən “Bitcoin halving” hadisəni də burada qeyd etmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, “Bitcoin”in qiyməti həmişə halvinqdən bir neçə ay əvvəl artmağa başlayır:
“Sonradan növbəti tarixi maksimum qiymətə qədər yüksəlir və ABŞ Federal Ehtiyatlar Sisteminin uçot faiz dərəcəsinin vaxtından əvvəl endirəcəyi ilə bağlı gözləntiləri artır. Texniki analizə əsasən “Bitcoin” yeni “buğa dövrü”nə daxil olur və növbəti hədəfin tarixi maksimum qiymət səviyyəsi olan 80 min dollara qədər artımın hədəflədiyini müşahidə edirik. Lakin məncə, “Bitcoin” yaxın zamanda 75 min 300 və 77 min 500 dollarlıq hədəfləri keçməlidir ki, növbəti tarixi maksumum qiymətini yeniləyə bilsin. Bununla belə, qiymətlərin korreksiyasını (“Qara Qu quşu” riski) da müşahidə edə bilərik. Əgər hər hansı bir səbəbdən ciddi qiymət düşməsi baş verərsə, güclü dəstək səviyyələri təxminən 55 min 170 və 50 min 500 dollar ətrafında olacaq. Bundan əlavə, qorxu və xəsislik indeksi (Fear & Greed Index) hazırda 89 səviyyəsindədir və bu faktor investorlar arasında yüksək səviyyədə alış təzyiqi olduğunu göstərir. Adətən bu göstərici 90 baldan çox olduqda, iri investorlar satış edərək qazanclarını fiksə edirlər. Çünki “həddindən artıq acgözlük” adətən qiymətlərin düşməsi ilə müşayiət olunur”.
Elnur Quliyev qeyd edib ki, Azərbaycanda kriptovalyutalara, xüsusilə “Bitcoin”dən dəfələrlə ucuz olan prespektivli altkoinlərə kifayət qədər maraq var:
“Amma kriptovalyutaların istifadəsi və kripto investisiyaların leqallaşdırılması üçün ilk növbədə ölkədə sosial, iqtisadi və hüquqi şərait yaranmalıdır. Bunun üçün insanlar maarifləndirilməli və dövlət tərəfindən müvafiq qanunvericilik aktları qəbul olunmalıdır. Odur ki, hazırda ölkəmizdə kriptovalyuta üzrə investorların sayı və ya ümumi investisiya məbləğini müəyyən etmək mümkün deyil. Nə qədər ki, kriptovalyutalara hüquqi qiymət verilməyib, ölkəmizdə rəqəmsal valyutalar sektorunun inkişafı sual altında olacaq”.