Bia.Az

“Kişi toylarında yox, amma qadın toylarında paxıllıqdan problem yaradırlar”

Cəmiyyət
 8-03-2024, 14:12     332

Qadın zərif qüvvədir, amma zəif deyil. Bu sözlər müsahibimiz, qadın klarnet ifaçısı Nərgiz Eminzadənin timsalında özünü daha da doğruldur. Kişilərin ifa etməsinə alışdığımız klarneti Nərgiz xanım çox asanlıqla ifa edə bilir.

Moderator.az-a açıqlama verən ifaçı bildirib ki, 6 yaşından musiqi ilə məşğul olur.

“Anamın arzusu idi ki, mən musiqiçi olum. Amma məni pianoçu kimi görmək istəyirdi. Təhsilimi piano üzrə başlasam da sonradan bu yolu davam etdirmədim. Çünki xarici orkestrlarda, kollektivlərdə xanım nəfəs alətləri ifaçılarını görürdüm. Marağım oyandı, həvəsimi artırdım və klarnet ifa etməyə başladım. 10 ildir ki, bu alətdə ifa edirəm. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu, daha sonra isə Bakı Musiqi Akademiyasının məzunu olmuşam. Xalq artistləri Teymur Göyçayev, Fərhad Bədəlbəyli mənə çox dəstək olublar. Mənim üçün nəfəs alətlərində kişi yaxud da qadın cinsi yoxdur. Əsas odur ki, düzgün nəfəs alasan. Düzgün nəfəs almayanda yaşa dolduqca insanın səhhətində ağır problemlər yarada bilər. Bu gün dövlət tədbirlərində, xarici ölkələrdə, ansambıllarda çıxış edirəm” deyə Nərgiz Eminzadə bildirib.

Nərgiz Eminzadə bildirib ki, dolanışıq yeri toylar, tədbirlərdir.

“20 yaşımdan toylara getməyə başlamışam. Öncə belə bir fikrim yox idi, çünki klassik musiqi ilə məşğul olurdum. İnsanlar məni tanıdıqca tələbat artdı. Ona görə də gələn təklifləri dəyərləndirməyə başladım. Həm solo, həm də ansamblım ilə toylara gedirəm. Toylarda klarnet ifa edən xanım yoxdur. Bizim gəlir sahəmiz toydur. Bəzən xanımlar sırf fərqlilik olsun deyə hansısa sənəti seçirlər. Düşünürlər ki, filankəs etdi, mən niyə etməyim?! Amma bu doğru seçim deyil. İnsanın həvəsi, istəyi olmasa o sənətlə necə məşğul ola bilər?! Toylarda artıq mənə alışıblar, heç kim qeyri-adi baxışlarla baxmır. Həm kişi toylarına gedirəm, həm də xanım toylarına. Çox böyük hörmətlə qarşılayıb, yola salırlar” deyə sənətçi bildirib.

Nərgiz Eminzadə bildirib ki, bu sahədə rəqibi yoxdur.

“Söhbət əlbəttə ki, qadınlar arasındakı rəqabətdən gedir. Kişilərdən çox qadınlar mənə paxıllıq edir. Bəzən toylara düşürük. Həm kişi toylarında, həm də qadın toylarında səs aparatı var. Hansı ki, musiqiçi ifa edəndə onu artırmaq lazımdır ki, ifa edənə güc düşməsin. Kişi toylarında heç vaxt səs aparatı ilə bağlı problem yaşanmayıb. Çünki onlardan böyük dəstək görmüşəm. Amma qadın toylarında səs aparatından bilərəkdən səsi alırlar ki, əziyyət çəkim. Klarnet solo musiqi alətidir. Xüsusilə ona səs aparatı, səs gücləndirici lazımdır ki, səsi yüksək olsun” deyə musiqiçi bildirib.
скачать dle 12.1