Bia.Az

71 il öncə minlərlə kadrı Beriya xilas edibmiş - Stalin ölsə də, irsi yaşayır

Cəmiyyət
 7-03-2024, 01:20     240

İki gün öncə SSRİ-nin ən uzun stajlı rəhbəri (1922-1953) İosif Stalinin (1878-1953) rəsmi ölümünün 71-ci ili tamam oldu.
Ölümündən keçən bu 71 ildə elə bir gün olmayıb ki, bu şəxsin adı milyon dəfələrlə çəkilməsin. Hətta elə bir saat və dəqiqə də yoxdur. Özünü peyğəmbər elan edən qədim fironların adı ətrafında belə bu qədər əsatirə, mifə, rəvayətə, memuara, ziddiyyətli fikirlərə rast gəlmək olmur.
Zaman keçdikcə, arxivlər açıldıqca, Stalinə dair yeni-yeni əsərlər yazıldıqca, onun gerçək siması, təbiəti, qüdrəti, ağlı, iradəsi, cəsarəti və sair məziyyətləri haqqında real mənzərə yaranır və bütün bu ştrixlər onun həm rəhbər, həm də insan kimi əsl portretinin görünüşünü tamamlayır.
Stalin çox ziddiyyətli adam olub – gəncliyində oğru, quldur, cəsarətli, orta yaşlarında - qətiyyətli, uzaqgörən, intriqa ustası, yaşlı vaxtlarında - şəkkak, qisasçı, ehtiyatlı (hətta qorxaq), qəddar və s.
2staxr.jpg (32 KB)
O, daima həyatına sui-qəsd ediləcəyindən qorxub. Ona görə də yediyi yeməyi, içdiyi içkiləri həmişə yoxlatdırıb, hətta yaşadığı, işlədiyi məkanlarda udduğu havanı belə hər gün analiz etdirib, səfərlərə zirehli qatar və avtomobillərdə, yüzlərlə sınanmış müşayiətçinin əhatəsində gedib.
Stalin yaxından tanıdığı adamları, silahdaşlarını heç də əbəs yerə repressiya etdirməyib. Lev Trotskidən ta Abakumova qədər o, kimi məhv edibsə, əsaslı səbəb olub. Əlsində onlar da “əsl kommunist”, “ideal və kristal kadr”lar olmayıb. Hamısı xirtdəyə qədər qanın, zibilin içində olub. Marşal Tuxaçevski və onun dəstəsi vətəndaş müharibəsində on minlərlə günahsız insanın qanını axıdıb. Trotski, Zinovyev, Buxarin, Kamenev, Rıkov, Yenukidze, Yaqoda, Yejov, Menjinski və başqaları da amansız adamlar olublar, repressiyalarda iştirak ediblər.
stamoll.jpg (153 KB)
Stalin “köhnə qvardiya”nı, “leninçiləri”, 1934-cü ildə keçirilən partiya qurultayında seçilən plenum üzvlərinin 70 faizini ona görə məhv edib ki, onlar özlərinə yeni lider axtarmaq fikrinə düşüblər və həmin şəxsi artıq tapıbmışlar – Sergey Kirov. Nəticədə gürcüləşmiş osetin Vissarionun oğlu onların hamısı başda Kirov olmaqla qətl və edam etdirib.
Stalin daha bir “təmizləmə”ni 1953-cü ildə edəcəkmiş, sadəcə, ömrü çatmayıb. Stalinşünasların, tarixçilərin fikrincə, Stalində belə bir fikir 1952-ci ildə yaranıb.
1953-cü ilin əvvəlində isə sovet mətbuatında yeni “təmizləmə”nin ideoloji-təbliğat bazası yaradılıb. Pravda ardıcıl olaraq bütün saylarında baş məqaləni “casus”lara, “zərərverici”lərə həsr edib. Hətta Bolqarıstan, Macarıstan, Çexoslovakiya, Polşa və digər satellit ölkələrin mətbuatında da SSRİ-də “rəzil casuslar və qatillər dəstəsi”ni ifşa edərək, ölkəni “xalqın gizli düşmənlərini” qətiyyətlə ifşa etməyə çağırışlar dərc olunub.
Bəs bu kampaniya nədən irəli gəlib?
suiqesd.JPG (63 KB)
Müharibədən sonra sovet dövlətinin rəhbərliyində üç nəfər böyük nüfuza qazanıb, əllərində real hakimiyyət rıçaqları toplayıblar. Bunlar Lavrenti Beriya, Georgi Malenkov və Georgi Jukov olub. Beriya NKVD-də də, Malenkov partiyada, Jukov isə orduda böyük təsir gücünə malik olublar. Stalin onların üçünü də öz hakimiyyətinə təhlükə sayıb və onları öz vəzifələrindən götürüb: Beriyanı nüvə proqramı layihəsinə rəhbər təyin edib, Malenkovu paytaxtdan Türküstana, iki illik ezamiyyətə, çox da açıqlanmayan bir işə göndərib, “qələbə marşalı”nı isə müdafiə naziri qoymaq əvəzinə Odessa hərbi dairəsinin komandanı vəzifəsinə təyin edib.
Tarixçilər əminliklə bildirirlər ki, Stalinin yeni repressiyasının qarşısını əsasən Beriya və Malenkov alıb, Xruşov və Bulqanin də onlara dəstək verib. Məhz bu “dördlük” Stalinin öz əcəli ilə ölməməsini təşkil ediblər.
Bundan ötrü əvvəlcə 20 ilə yaxın müddətdə Stalinin “sadiq köpəyi” olan şəxsi katibi Poskrebışev sıradan çıxarılıb. Poskrebışev elə adam olub ki, bütün nazirlər və MK katibləri ondan çəkiniblər. Stalinə son dərəcə sədaqətli olan bu adamı ələ almaq, Stalinə qarşı qoymaq heç cür mümkün olmadığına görə Stalini ona qarşı qoyublar. Tezliklə Poskrebışevin kabinətindən Stalinə aid məxfi sənədlər yoxa çıxıb və bu xüsusatı Stalinə çatdırıblar. Stalin Poskrebışevi satqınlıqda ittiham edib, işdan çıxarıb, həbsə aldırıb və yəqin ki, bir-iki aya güllələtdirəcəkmiş.
berrrista.jpg (1.10 MB)
Daha sonra Beriyanın dəstəsi Stalinin şəxsi mühafizəsinin rəisi general Vlasiki sıradan çıxarıb. Onu da dolaşdırıb həbsə aldırıblar. “Stalinin kölgəsi” adlandırılan Vlasik özünü həlak edib ki, əgər o, Stalinin yanında deyilsə, tezliklə Stalin də olmayacaq.
1953-cü ilin fevral ayının 17-də “İzvestiya” qəzeti Stalinin təhlükəsizliyinə cavabdeh olan Kreml komendantlığının rəhbəri general Kosinkinin “vaxtsız” vəfat etdiyini yazıb. Tarixçilər bu ölümü Beriyanın təşkil etdiyini yazırlar.
Bu ərəfədə Stalinin şəxsi həkimləri də işdən kənarlaşdırılıb. Stalin həkimsiz qalıb və özünümüalicəyə keçib – artıq heç bir həkimə etibar etmirmiş. Bundan sonra 1953-cü ilin mart ayının əvvəlində Stalin bağ evində, rəsmi versiyaya görə, huşunu itirib və gün ərzində ona yardım edən olmayıb, gözləyiblər ki, ölsün.
Beləliklə, Beriya öz məqsədinə çatıb. Ancaq o, Stalinin gülləsindən qurtulsa da, elə həmin ilin iyununda Xruşovun gülləsinə tuş gəlib. 1-2 il sonra Malenkov da “vurulub”, Qazaxıstana müəssisə rəhbəri vəzifəsinə göndərilib, Bulqanin yenidən müdafiə naziri təyin edilib, sonra baş nazir vəzifəsini tutub, Jukov da nəhayət, arzusuna çatıb – Bulqanindən sonra, 1955-ci ildə müdafiə naziri təyin edilib. 11 il sonra Xruşov da saray çevrilişinin qurbanı olub.
Beləcə, əslində sovet xalqı Stalinin ikinci repressiyasından gün fərqi ilə qurtulub. Bu dəfə bütün respublikalarda daha çox insanın başı gedəcəkmiş. Yerli kadrları “burjua millətçiləri” kimi damğalamaq nəzərdə tutulubmuş.
staqrob.jpg (927 KB)
Stalin 71 il əvvəl ölübsə də, siyasi irsi, idarəçilik təcrübəsi Rusiyada bu gün də yaşayır, yaşadılır. Hələ də o ölkədə siyasi rəqibləri istənilən üsulla sıradan çıxarmaq ənənəsi qalır.
Müasir Rusiyanın əsas problemlərindən biri də budur: bu ölkədə hakimiyyətə qanuni yolla, xalqın iradəsi ilə gəlmək söhbəti yoxdur, eləcə, diktatorlar bir-birini əvəz edir. Onlar ya sui-qəsdə qurban gedirlər, ya saray çevrilişi ilə devrilirlər, əcəlləri ilə öləndə isə hakimiyyəti qızıl məcməyidə öz varislərinə ötürürlər.
Araz Altaylı, Musavat.comскачать dle 12.1