Bayramınız mübarək, əziz qadınlar!
8 Mart tarixi dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayram ərəfəsində Azərbaycan qadınlarının dövlətimizin və cəmiyyətimizin həyatında aparıcı rol oynadığını bir daha vurğulaya bilərik. Tarix boyu qadınlarımız xalqımızın inkişafında önəmli rol oynayıblar. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Müstəqillik qazandıqdan sonra Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət qadın siyasətinin əsası qoyuldu, Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ulu Öndər hər zaman qadınlara xüsusi diqqət və qayğı göstərirdi. Bu siyasət hazırda Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Bu gün qadınlarımız cəmiyyət həyatında olduqca fəaldır. Onun fikrincə, hazırda Azərbaycan qadınları dövlət qurumlarında, elm, təhsil, səhiyyə sahəsində, seçkili orqanlarda fəal şəkildə təmsil olunurlar.
Sonuncu çağırış parlamentdə əvvəlki dövrlərdən daha çox qadın millət vəkili təmsil olunur. Milli Məclisin sədrinin qadın olması da Azərbaycan xanımlarının ictimai-siyasi fəallığından xəbər verir. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən 30 il ərzində Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib. Ölkəmizdəki sabitlik və demokratik mühit qarşıdakı illərdə də onlara öz fitri istedadlarını, yaradıcılıq imkanlarını tam gerçəkləşdirə bilmələri üçün bütün lazımi şəraiti təmin edir.
Xüsusilə qeyd edilməlidir ki, qadınlarımız doğma torpaqlarımızın işğal altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi yetişməsi naminə üzərinə düşən ağır yükü şərəflə daşıyıblar. 44 günlük Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirləri zamanı analarımızın tərbiyə etdiyi, vətənpərvərlik ruhunda böyütdüyü oğullar düşmənə qarşı rəşadətlə vuruşaraq 30 illik erməni işğalına son qoydular. Biz həmin analarla, şəhid, qazi anaları ilə qürur duyuruq. Qəhrəman oğullar böyütdükləri üçün onlara sonsuz minnətdarlığımızı bildiririk. Mən bütün qadınlarımızı, o cümlədən şəhid, qazi analarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, onlara cansağlığı arzulayıram!
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor