Bia.Az

İranda həbsdə olan azərbaycanlı tələbənin səhhətində problemlər var: - anası prezident və vitse-prezidentdən kömək istəyir

Cəmiyyət
 27-02-2024, 18:04     290

İranda casusluq ittihamıyla şərlənərək həbsdə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin sağlamlığında ciddi problemlər yaranıb. Bu barədə onun anası Dilarə Əsgərova məlumat verib.
Bizimyol.info xəbər verir ki, Dilarə Əsgərova oğlunun durumuyla əlaqədar Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. Anasının bildirdiyinə görə, Fərid Səfərlidə son 5-6 ayda diş qıcanmasıyla müşayiət edilən nevroloji tutmalar olur. Bu proses gündə bir neçə dəfə baş verir. Dilarə Əsgərova deyir ki, bu səbəbdən Fəridin dişləri də tökülməyə başlayıb.

Fərid Səfərli bir ildir həbsdə olsa da, indiyədək anası ilə nə görüşüb, nə də görüntülü zənglə danışıb. Dilarə Əsgərova bildirir ki, oğlu anasıyla görüntülü danışmasına imkan yaradılmasını dəfələrlə xahiş etsə də, icazə verilməyib: “Oğlumun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm. O zaman xoşbəxt, həyat dolu bir gənc idi. İndi isə İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Mən oğlumun gələcək taleyindən çox nigaranam. Onun İran həbsxanasında necə ağır dönəm yaşadığını təsəvvür edirəm. Özüm həkim olduğuma görə bilirəm ki, bu hal gələcəkdə onun səhhətində hansı ciddi problemlər və ağrılar buraxa bilər. Onun bu travmalardan reabilitasiyası uzun illər çəkəcək”.

Dilarə Əsgərova vurğulayır ki, Fərid Səfərli bir ildir ki, İran həbsxanasında Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Ana prezident və vitse-prezidentə müraciətində oğlunun Azərbaycana gətirilməsi üçün kömək istəyir: “Qarşıdan Novruz bayramı gəlir. Mən keçən Novruz bayramını İranın Tehran, Qum şəhərlərində oğlumu axtararaq, gözüyaşlı keçirdim. Görünən odur ki, bu bayramı da mən Fəridsiz, əzabla keçirəcəyəm. Amma mən bir ana olaraq, bunu təsəvvür etmək istəmirəm...

Siz indiyə qədər hər zaman xaricdə haqsızlığa uğrayan vətəndaşlarımıza sahib çıxmısınız. Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz”.

Anası əlavə edib ki, Fərid Səfərli Almaniyada Data analizi sahəsində ixtisaslaşıb və Azərbaycana bu sahədə xidmət etməyi arzulayırdı.

Almaniyada magistr təhsili alan Fərid Səfərli Jena universitetində təhsil almış iranlı həkim qız dostunu görmək üçün 2023-cü il fevralın 20-də İrana gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib.

Fərid Səfərlinin casusluq ittihamıyla həbsdə saxlandığı təxminən 3 ay sonra məlum olub. Sonradan anası ilə telefon danışığında deyib ki, həmin qızla birlikdə geri qayıdanda saxlanılıb.

İran məhkəməsi Fərid Səfərlinin 2 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. O, telefon danışığı zamanı anasına heç bir cinayət törətmədiyi halda, mötəbər sübut-dəlil olmadan hökm çıxarıldığını deyib.
скачать dle 12.1