Bia.Az

Masallı rayonu üzrə təhsil sektoru TƏKZİB EDİR - "Sektor müdiri Qoşqar Hətəmovun barəsində yazılanlar qərəzlidir"

Cəmiyyət
 14-02-2024, 12:51     2 746

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmovun barəsində tənqidi məqalə və videoroliklər yayılmışdır. 

Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorundan bia.az-a göndərilən təkzib məktubunda deyilir:

"Bildiririk ki, Lənkəran-Astara Regioanal Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmovun barəsində şantaj və qarayaxma xarakterli məqalə və videoroliklər yayılır. Sosial şəbəkədə paylaşılan məlumatla bağlı aparılan araşdırmalar zamanı məlum olub ki, Masallı rayonu Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşad Abıyevin məktəb direktoru təyin olunmaq arzusu baş tutmamış və bu məsələdə Qoşqar Hətəmovu günahkar bilmişdir. Belə ki, ötən il həmin məktəbdə direktor vəzifəsi vakant olduqdan sonra bu vəzifə məktəbin direktor müavini Rəşad Abıyevə həvalə edilməmiş, Elm və Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə  uğuq qazanmış digər şəxs məktəbə direktor təyin edilmişdir. Bundan sonra Rəşad Abıyev qarayaxma məsələsində peşəkar olan qayını Cavid Şirəliyev vasitəsi ilə sektor müdiri Qoşqar Hətəmov barədə həqiqəti əks etdirməyən məlumatların ictimailəşməsi yolu ilə ondan qisas almağı düşünmüş və ilk qərəzli yazısını 04.10.2023-cü il tarixdə “Təhsil-press.az” internet saytı vasitəsilə paylaşmağa nail olmuşdur.

Keçmiş polis işçisi, hazırda jurnalist imicində olan Cavid Şirəliyev Masallı rayon Ərkivan qəsəbəsində anadan olub. Heç vaxt dərc olunmayan “7GÜN XƏBƏR” qəzetinin və həmin qəzetin internet səhifəsi olan və reketçiliklə məşğul  www.7gun.az saytının təsisçisidir. O, sonradan təqibdən yaxa qurtarmaq üçün www.7gun.org saytının ştatdankənar müxbiri olduğunu iddia edərək bu sayt üzərindən məqalələr yazmaqla və sosial şəbəkələrdə “7GÜN TV” adı altında videoroliklər yaymaqla reketlik fəaliyyətini davam etdirir. Cavid Şirəliyev əvvəllər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmış və məhkəmə tərəfindən hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə azadlıqdan məhrum edilmişdir. 

Bir müddət əvvəl Cavid Şirəliyev özünü Fərid adlı şəxs kimi təqdim edərək Gürcüstan Respublikasına  məxsus mobil nömrəyə bağlı “Vatsap” zəng mobil tətbiqindən Qoşqar Hətəmova zəng edərək Masallı rayonu Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbdə laborant vəzifəsində çalışan Pərvanə Şirəliyevanın əvvəlki kimi işə gəlməməsi və əmək haqqının tutulmaması üçün məktəb direktoruna göstəriş verilməsini tələb etmişdir. Sektor müdiri tələbi yerinə yetirməkdən imtina etdikdən sonra Cavid Şirəliyev ona təkrar zəng edərək barəsində şantaj xarakterli məlumatlar paylaşacağını bildirmişdir. Qeyd edək ki, Pərvanə Şirəliyeva reket jurnalist Cavid Şirəliyevin bacısı, Masallı rayonu Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəşad Abıyevin həyat yoldaşıdır.

İctimaiyyətdə yalnış fikirlərin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən rayonun təhsil ictimaiyyəti və ziyalıları tərəfindən qəti şəkildə rədd edilir.

Hətəmov Qoşqar Həmzəli oğlu 1996-cı ildə ildə yüksək balla Bakı Dövlət Universitetinin Coğrafiya fakultəsinə daxil olmuş,2000-ci ildə oranı coğrafiya müəllimliyi ixtisası üzrə bitirmişdir.2000-2002-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  ön cəbhəsində zabit kimi hərbi xidmət keçmişdir.2002-2011-ci illərdə Eminli kənd H.Sadıqov adına tam orta məktəbdə ixtisası üzrə müəllim işləmişdir. 2008-ci ildə Lənkəran Dövlət Universitetinin magistraturasına qəbul olmuş və 2010-cu ildə magistratura pilləsini uğurla bitirmişdir.

O, pedaqoji fəaliyyəti dövründə özünü intizamlı və səriştəli müəllim kimi göstərərək çoxsaylı gənc və abituriyentlərin ali məktəblərə qəbul olmasına,  onların vətənpərvər ruhda böyüməsinə  və gələcək inkişafına böyük dəstək göstərmişdir.

  Eyni zamanda o, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqədə  uğur qazanaraq həmin ildən  Masallı Rayon Təhsil Şöbəsinə  böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bilik və bacarığı, idarəetmə və pedaqoji sahədə səriştəsi nəzərə alınaraq 2022-ci ilin avqust ayından Elm və Təhsil Nazirliyi tərəfindən Masallı rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə layiq görülmüşdür. 

Eləcə də o, Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati rəhbər vəzifələrin A növünün  AC qrupu üzrə Sertifikat almış çox azsaylı təhsil işçilərindən biri olmaqla, Yeni Azərbaycan Partiyasının Masallı təhsil sektoru üzrə ərazi partiya təşkilatının sədri, “Masallı Ziyalıları” İctimai Birliyinin sədr müavini, ehtiyatda olan zabitdir.

Onu da qeyd edirik ki, Qoşqar Hətəmov  müdir vəzifəsində işlədiyi  son 1il 6 ay müddətində  təhsil müəssisələrində  təlim-tərbiyə işinin keyfiyyətinin artırılması,  dövlət vəsaitinin səmərəli xərclənməsi və  bu sahədə şəffaf mühitin yaradılması istiqamətində bir sıra uğurlu nəticələr əldə etmişdir. Ötən tədris ilində rayonun ümumi təhsil məktəblərinin 11-ci siniflərini bitirmiş məzunlardan  640 nəfər ali məktəblərə qəbul olmuş, 9 şagird olimpiada və müsabiqələrdə  qızıl, gümüş və bürünc medallar qazanmışdır.

Rayonun təhsil ictimaiyyəti və ziyalıları Qoşqar Hətəmovun barəsində paylaşılan böhtan və qərəzli xarakterli yazılardan kəskin narahatlığını bildirir, müvafiq təşkilat və qurumlardan Rəşad Abıyevin və digərlərinin  barəsində qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir."

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1