Bia.Az

İndi də Fuad Nəcəflinin “xanlığı” tutub: İlleqal fəaliyyət göstərən “Şərq qapısı”nın taleyi necə olacaq?

Cəmiyyət
 12-02-2024, 11:38     285

“Bu il başlar-başlamaz Naxçıvan “canişin”liyinin qarnına sancı dolub. Səbəb çox sadədir: sən demə, Vasif Talıbov şələ-şüləsini toplayıb ata evinə mürəxxəs olandan sonra, hətta ondan 4 ay əvvəl Azərbaycan Prezidenti Naxçıvanın rəsmi media qurumlarını dövlət orqanları siyahısından çıxarıbmış. Di gəl ki, “xan” həzrətlərinin başı şələ-şüləsini toplamağa elə qarışıb ki, bu önəmli xüsusa fikir verməyib. Zira həmin dövrdə onun özü can dərdində idi”.

Ovqat.com-a bu barədə məlumat Naxçıvandakı etibarlı mənbələrdən daxil olub.

Mənbənin fikrincə, “xan” həzrətləri yerini Prezidentin xüsusi nümayəndəsi Fuad Nəcəfliyə təhvil verəndə ikincinin də bu köhnə sərəncamdan xəbəri olmaya bilər: “Nədən ki, o, Misir Mərdanovun sehrli şlyapasına ODTÜ tələbəsi kimi girib BDU məzunu kimi çıxan nadir xoşbəxtlərdəndir. Adətən belə nadir şəxsiyyətlərin qanundan-qaydadan çox başları çıxarmaz. Onlara gərək qanunun mahiyyətini yox, konkret hallarını bir-bir başa salasan”.

Mənbəmizin fikrincə, o da mümkündür ki, Fuad Nəcəfliyə bu barədə təfsilatlı məlumat verilib. Sadəcə o, qanunun tələblərinə əhəmiyyət verməyib. “Necə olsa, Naxçıvan Muxtar Respublikadır, bir qəzet nədir ki, möhtərəm Prezident onu mən boyda “canişininə” çox görə”,- deyib xoş xülyalara qapılıb.

Üzərindən ilyarım keçəndən sonra isə bütün paxırlar gün işığına çıxıb. Bakıdan zəng edib “canişin” əfəndinin qulağına pıçıldayıblar ki, ay rəhmətliyin oğlu, sən niyə özünü, adını-sanını heç bir hüquqi əsası olmayan, faktiki ileqal fəaliyyət göstərən qəzetin təzə redaktoru uğrunda fəda edirsən? 100 illik şanlı ömür yaşayan o qəzet sənin və sələfinin çirkli əməllərinə çoxdan qurban gedib. Prezidentin siyahısında o adlı qəzet yoxdur və olmayacaq. İnanmırsan, al, bu da siyahı, özün nəzər sal.

Bakıdan gələn bu şok xəbərdən xeyli pəjmürdə olan canişin həzrətləri “Şərq qapısı” qəzetinə yenicə baş redaktor təyin etdiyi şəxsin yanında rüsvay vəziyyətə düşməmək üçün indi çarə axtarışındadır. İddialara görə, əli çatan bütün kanalları hərəkətə keçirib “Şərq qapısı” qəzetini Prezident siyahısına saldırmaq istəyən “canişin”in bu arzusu heç bir fayda verməyib. İndi də yeni hüquqi əsaslandırmanı işə salmağa başlayıb: ““Şərq qapısı” qəzeti Naxçıvan Ali Məclisinin orqanıdır və bu orqanın xəbər bülleteninin olması qanunazidd deyil”.

Amma məsələ burasındadır ki, Prezident bəzi “canişin”lərin bu təşəbbüsdə buluna biləcəklərini əvvəlcədən nəzərə aldığından, 08 avqust 2022-ci il tarixində imzaladığı “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nda bu bəhanənin də qarşısını öncədən kəsib. Sözügedən qanunun 59-cu maddəsinin 2-ci bəndində deyilir:

“59.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər”.

Vəssalam-şüttamam.

Sual oluna bilər: qanunda “Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar)” deyiləndə hansı orqanlar nəzərdə tutulur:

Prezidentin “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) siyahısı” adlı sənəddə onların adları konkret göstərilir.

Göründüyü kimi bu siyahıda Naxçıvan MR Ali Məclisinin və başqa muxtar qurumun adı çəkilmir. Bu isə o deməkdir ki, “Şərq qapısı” qəzeti dərc olunduqca, Naxçıvan MR-in Azərbaycan Respublikasının yox, Şimali Koreyanın bir hissəsi olması barədə fikirlər həmişəyaşarlığını qoruyucaq.

P.S. Məsələnin hüquqi şərhini almaq üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməyi düşünürük.
скачать dle 12.1