Bia.Az

Ölkəni yüzminlərlə vətəndaş tərk edib: Rəsmi statistika dəfələrlə az rəqəm göstərməyə çalışır

Cəmiyyət
 10-02-2024, 15:22     161

Müşahidələr, sosial platformalarda yazılanlar ölkədən daimi yaşamaq üçün gedənlərin çox olmasından danışır. Miqrasiya prosesinin devalvasiyadan sonra güclənməsi təəssüratı var. Rəsmi statistika gerçək mənzərəni mümkün qədər gizlədir. Rəqəmlərə qətiyyən inanmaq olmur. Məsələn, guya həm 2020-ci, həm də 2021-ci ildə ayrı-ayrılıqda ölkədən daimi yaşamaq üçün gedənlərin sayı 600 nəfərdən çox olmayıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Statistika Komitəsi ölkənin neft gəlirlərinin artmasından sonra miqrasiya prosesinin ləngiməsini iddia edir.

 Sanki 2008-ci ildən bəri hər il Azərbaycanı tərk edənlərin sayı 2 min nəfərə çatmır. Statistikaya nəzər salanda istər-istəməz rəqəmlərə şübhə ilə yanaşmalı olursan. Çünki hər il üçün göstəricilər təxmini, yuvarlaq rəqəmlərlə göstərilib. Guya 2012-ci ildən bəri cəmi 200 nəfər gedib. Çoxlu “sıfır”ların olması istənilən halda şübhə yeri qoyur.

Dövlət Statistika Komitəsinə niyə inanmaq olmaz?

Bu yaxınlarda açıqlanmışdı ki, təkcə Almaniyada həkim fəaliyyəti ilə məşğul olan azərbaycanlıların sayı 1521 nəfərə çatıb. Həmin şəxslərin 162-si məhz 2023-cü ildə Avropa ölkəsinə üz tutub. Dövlət Statistika Komitəsi iddia edir ki, keçən il ölkəni cəmi 1100 nəfər tərk edib. Təsəvvür edin, xaricə axın necə böyükdür ki, təkcə bir ölkəyə həkim kimi 162 nəfər gedib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da təxminən belə rəqəmlər dilə gətirir. Onun sözlərinə görə, xaricdə həkim kimi fəaliyyət göstərən azərbaycanlıların sayı 2 min nəfərə çatır.

Hökumət yenə deyə bilər ki, düzgün rəqəmlər açıqlayıb, gedənlərin nəzərəçarpan hissəsi həkim olub. Bəs onda ayrı-ayrı illərdə doğulanlarla indi həmin təvəllüdü təmsil edən vətəndaşlar arasında niyə böyük rəqəm fərqi var? Məsələn, 2015-2017-ci ildə ölkədə 470 min nəfərin doğulduğu bildirilir. İndi statistikanı açıb görürük ki, Azərbaycanda həmin dövrdə doğulduğu qeyd olunan insan sayı 409 min nəfərdir. Bəs 61 min nəfər hara yoxa çıxdı? Təbii ki, həmin uşaqlar yaxınları ilə xaricə üz tutub.

Başqa illərə nəzər salanda da oxşar mənzərəni görürük. 1960-1978-ci illərdə Azərbaycanda 2 milyon 953 min nəfər doğulub. İndi isə onların 2 milyon 283 min nəfəri burada yaşayır. 670 min nəfər fərqdən söhbət gedir. Bu da miqrasiyanın ayağına yazılmalıdır.

Dövlət Statistika Komitəsinin sözlərindən belə çıxır ki, müstəqillik dövründə Azərbaycanı daimi yaşamaq üçün tərk edənlərin sayı heç 300 min nəfərə çatmır. Halbuki dəfələrlə böyük göstəricidən danışılmalıdır. Növbəti dəfə ictimaiyyətə həqiqət deyilmir.скачать dle 12.1