Bia.Az

Fermerlər subsidiya almaq üçün nə etməlidirlər? - AKTUAL

Cəmiyyət
 10-02-2024, 00:54     144

Azərbaycanda fermerlərə payızlıq əkinlərə görə subsidiyaların verilməsinə başlanılıb. Subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, ilkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536702 əkin bəyanı əsasında 263992 fermerə ümumilikdə 109,5 milyon manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan edilmiş 543298 hektar sahəni əhatə edir.

Ötən ilin fevralın əvvəllərində 189946 əkin bəyanı üzrə 93904 fermerə 48,6 milyon manat ilkin əkin subsidiyası ödənilmişdi. Ödənişlər 258349 hektar əkin sahəsini əhatə edirdi.


Subsidiya alan fermerlərin sayı artıb
Bu il ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı 2,8 dəfə çoxdur.
"Torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib"
Nazirlikdən bildirilib ki, subsidiya ödənişlərin sürətli köçürülməsinə müsbət təsir edən amillərdən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir:
"2025-ci il yanvarın 1-dən başlayaraq subsidiyaların torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi əsasında verilməsi nəzərdə tutulub. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahədə fermerlərin maarifləndirilməsi, vətəndaşların torpaqdan istifadə hüququna dair sənədlərində mövcud çatışmazlıqların aradan qaldırılması və pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinin başa çatdırılması ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti qurumlarla birlikdə müvafiq addımlar atılır. Bunun nəticəsində torpaq sənədlərinin əksəriyyəti hazırda çıxarış sənədləri ilə əvəzlənib və 2023-2024-cü təsərrüfat ilində Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya edilib".
Əkin bəyanların monitorinqi başa çatdıqca ödəniş həyata keçirilir
"Aqrar Kredit və İnkişaf Agentliyi əkin bəyanlarının monitorinqini başa çatdırdıqca ödənişləri həyata keçirir. Monitorinqlərin müddəti və mərhələləri bəyanların uyğunluğundan, fermer sahələrindən, əkilmiş bitkinin növündən asılıdır. Torpaq sənədlərinin sistemdə müqayisəli yoxlanması, peyk vasitəsilə monitorinq və yerüstü yoxlamalar dövlətin aqrar sahəyə ödədiyi vəsaitin fermerlərə ədalətli çatdırılmasını təmin etməyə imkan verir" - nazirlikdən bildirilib.

"Subsidiya siyasəti effektivdir"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, dövlətin subsidiya siyasətini effektiv hesab edir: "Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir və bu, effektivdir. Subsidiyaların verilməsi aqrar sahənin inkişafına dəstək verir".
"Fermerlər gec məhsul verən bitkiləri əkməyə maraqlı olmur"
Birdəfəlik subsidiyalardan danışan M.Həsənov bildirib ki, məsələn, bəzi rayonlarda 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan üzüm bağalarının hər hektarına görə 8000 manat birdəfəlik subsidiya verilir: "Bundan başqa, 2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat birdəfəlik subsidiya verilir. Bu, birdəfəlik verilir, amma bütün bağlara aid deyil. Dövlət hansı aqrar məhsulların inkişafında maraqlıdırsa, həmin məhsullar üçün subsidiyanın məbləğini artırmağa çalışır. Fermerlər gec məhsul verən bitkiləri (zeytun, nar və s.) əkməyə maraqlı olmur. Onlar əsasən tez məhsul verən bitkiləri (badam, gilas, nektarin və s.) əkməyə həvəs göstərir. Ona görə də dövlət bu məsələni tənzimləməyə çalışır və gec məhsul verən bitkilərə marağı artırmaq üçün birdəfəlik subsidiyalar verir".
"Subsidiya xərcləri qismən kompensasiya etmək üçündür"
Ekspertin sözlərinə görə, subsidiya o demək deyil ki, dövlət fermerin çəkdiyi bütün xərci qarşılamalıdır: "Bu, sadəcə bir köməkdir. Məsələn, buğda əkininə görə 1 hektara 220 manat subsidiya verilir. Amma 1 hektar buğda əkini üçün ən azı 600 manat pul lazımdır. Subsidiya xərcləri qismən kompensasiya etmək üçündür. Lakin subsidiyanın məbləği nə qədər çox olsa, bir o qədər yaxşıdır. Bəzi dövlətlərdə isə ümumiyyətlə subsidiya sistemi yoxdur".
"Çıxarış almaq çətin deyil"
O qeyd edib ki, subsidiyaların torpaq sahəsi üzərində çıxarış sənədi əsasında verilməsi müsbət addımdır: "Bəzən görürsən ki, fermer 10-15 il öz torpağını əkir, istifadə edir, amma həmin torpaq üçün çıxarış almır və nəticədə problem yarana bilir. Məsələn, fermer vəfat edir və sənədləşmə işlərində çətinliklər meydana çıxır. Ona görə də torpaqlar üçün çıxarış alınması yaxşıdır və hazırda bu sənədi almaq çətin deyil. Fermerlər Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət edə bilərlər".
Subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir
Qeyd edək ki, nazirliyin məlumatına əsasən, hər həftə siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Payızlıq əkinlərə və çoxillik əkmələrə görə subsidiya ödənişlərinin mümkün qısa müddətdə başa çatdırılması nəzərdə tutulur. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitin 25 faizini nağdlaşdıra, 75 faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər.
Fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarış əsasında veriləcək
Xatırladaq ki, fermerlərə subsidiyalar 2025-ci il yanvarın 1-dən yalnız çıxarışlar əsasında veriləcəyi nəzərə alınaraq, bu tarixədək müraciətlərin başa çatdırılması məqsədəuyğundur. Fermerlərin Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə müraciət etməsi tövsiyə edilir. Dövlət Xidməti tərəfindən rayon və kənd mərkəzlərində mütəmadi olaraq mobil ofislər vasitəsilə vətəndaşlara yerində də xidmət göstərilir. Mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi davam edir. Mülkiyyət sənədləri almamış vətəndaşlar ödənişsiz şəkildə, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə pay torpaqlarına dair çıxarış üçün qeydiyyat xidmətlərindən yararlanırlar.
Subsidiya almaq üçün nə etməli?
Qeyd edək ki, subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən (https://www.eagro.az/) həyata keçirilir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir. Fermerlər bunun üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməlidirlər. Əkin subsidiyasının əldə edilməsi üçün 1 sentyabrdan başlayaraq 30 dekabr tarixinə qədər payızlıq əkinlər bəyan olunmalıdır. Fermerlər eagro.az saytı vasitəsi ilə onlayn şəkildə bilavasitə özləri və ya Dövlət Aqrar İnkişaf Mərkəzləri, Xaçmaz və Yevlax KOB (kiçik və orta biznes) evlərinə, eləcə də regional ASAN xidmət mərkəzlərinə müracət etməklə payızlıq əkinləri bəyan edə bilərlər.
Vaxtında edilməyən və ya yanlış edilən bəyan nəticəsində fermerlərə əkin subsidiyası ödənilməyəcək. Bəyanların vaxtında edilməsi monitorinqlərin sürətli və operativ təşkilinə, əkin subsidiyasının qısa zamanda ödənilməsinə imkan yaradacaq. Monitorinq zamanı aşkarlanmış yanlış bəyan fermer üçün subsidiyanın az ödənilməsi, yaxud 1 və ya 2 il ödənilməməsi halı ilə nəticələnə bilər. Ödəniş aparıldıqdan sonra bilərəkdən yanlış bəyan müəyyən edilərsə, İnzibati Xətalar Məcəlləsinin əsasən cərimə tətbiq oluna bilər.
2025-ci il yanvarın 1-dən etibarən isə əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.
Subsidiyalar "Fermer kartı"larına köçürülür. Fermerə verilən subsidiya vəsaiti 2 il ərzində istifadə edilmədikdə, bu barədə ona SMS və elektron poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş göndərildikdən sonra fermer 3 ay ərzində subsidiya vəsaitini istifadə etmədikdə, növbəti il üçün ona subsidiya ödənilmir.
скачать dle 12.1