Bia.Az

Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir” - FOTO

Cəmiyyət
 6-02-2024, 14:21     194

Ukraynada yaşayan, beynəlxalq media orqanları ilə əməkdaşlıq edən, qanlı döyüş meydanlarından reportajlar hazırlayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli AYNA-ya müsahibəsində Ukraynadakı müharibə və müşahidə etdiyi fakrlardan danışıb. Beləliklə?

- Son durum necədir?

- Ukraynada ümumi vəziyyət müharibənin ilk vaxtları ilə müqayisədə yaxşıdır. Ukraynalılar başa düşürlər ki, vətəni müdafiə etmək lazımdır və buna görə hər cür çətinliyə dözmək olar. Rusiya son vaxtlar hücumlarını intensivləşdirsə də, Ukrayna uğurla müdafiə olunur. Hava hücumlarının da qarşısı indi daha güclü alınır.

- Qərb müttəfiqlərinin Kiyevə real dəstəyinin azaldığı barədə ara-sıra məlumatlar yayılır. Həqiqəti əks etdirirmi bunlar və daxildə hiss olunurmu?

- Qərb ölkələrinin Ukraynaya yardımları müəyyən səbəblərdən azalsa da, davam edir. Ukrayna ordusunun müdafiə və hücum potensialı üçün silahlar göndərilir. Bununla belə, artıq Ukrayna özünün hərbi sənayesini qurmaqdadır. Ehtiyacı olan silahların əksəriyyətini yaxın aylarda istehsal edə biləcək. Ukrayna cəmiyyəti də Qərbdən gələn yardımların azalacağı ilə bir növ barışıb. Ona görə ölkənin daxili imkanları hesabına müdafiə qabiliyyətinin artırılması istiqamətində intensiv işlər görülür.

- Bir müddət öncə Prezident Volodimir Zelenski ilə Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnı arasında münaqişə yaşandığı iddia olunurdu. İndi necədir vəziyyət və bu kimi informasiyalar əhalinin, döyüşən ordunun əhvalına necə təsir edir?

- Ümumiyyətlə, Zelenski ilə Zalujnı arasında ziddiyyətlərin olması barədə xəbərlər Ukraynanın siyasi dairələrində ciddi qarşılanmır. Hesab edirlər ki, bu, Rusiya təbliğat maşınının Qərb mediasında tirajladığı dezinformasiyadır. Başqa tərəfdən, Ukraynada müharibənin dayandırılmasını istəyən qüvvələr də rəsmi Kiyevin siyasi elitasında fikir ayrılıqlarının olmasını istəyirlər. Qərbdə də Ukraynanın Rusiya ilə danışıqlar masasına oturmasını istəyən qüvvələr var. Ukrayna hakimiyyəti də bunun fərqindədir.

Zalujnı ilə Zelenski arasında ziddiyyət varsa, hesab edirəm ki, bu, əks-hücum əməliyyatlarının dayandırılması ilə bağlı ola bilər. Fikrimcə, Zalujnı əks-hücum əməliyyatlarını dayandırmaqda haqlı idi. Əksər Qərb dövlətləri əks-hücumun davam etdirilməsini istəyirdi. Amma əks-hücum davam etsəydi, indi Ukrayna tamamilə müdafiə imkanlarını itirəcəkdi. Zelenskinin də bunu bilməməsini düşünmək sadəlövhlük olar. Çünki Rusiya müdafiəyə güclü hazırlaşmışdı.

- Siz müharibənin ilk vaxtlarından qaynar nöqtələri gəzirsiniz, toqquşma meydanlarından reportajlar hazırlayırsınız və 2022-ci ilin fevralından bu yana yaşanan bütün enişli-yoxuşlu hərbi prosesi yaxından izləyirsiniz. Bundan sonrakı proseslər barədə gözləntiləriniz nədən ibarətdir?

- Müharibənin gedişatı barədə hər hansı fikir bildirmək çox çətindir. Ukraynanın və ya Rusiyanın tükənməsi barədə deyilənləri ciddi qəbul etmirəm. Çünki müharibə az qala hər gün daha da şiddətlənir. Hər iki tərəf hərbi potensialını artırmaq üçün bütün imkanlardan istifadə edir. Fikrimcə, müharibə yaxın aylarda daha da şiddətlənəcək. Amma tərəflərin ciddi irəliləyişə nail olacağını düşünmürəm. Demək olar, təmas nöqtələrində hər iki ordunun imkanları bərabərdir.

- Beynəlxalq siyasi müşahidəçilərin bir hissəsi düşünür ki, bu, sadəcə olaraq Rusiya ilə Ukrayna arasındakı müharibə deyil, sivil dünya ilə irticanın müharibəsidir, dəyərlərlə dəyərsizliyin müharibəsidir. Əks fikirdə olan analitiklər də var ki, onların iddiasına görə, Ukrayna müharibəsi Qərb imperializminə qarşı Rusiyanın böyük dirənişidir. Bəs, sadə ukraynalılar nə düşünürlər: onlar nəyin uğrunda, kimin yolunda döyüşürlər?

- Ukrayna artıq 10 ildir müharibə vəziyyətindədir. Ukrayna cəmiyyəti fikirləşir ki, artıq bu məsələni birdəfəlik həll etmək lazımdır. Və təbii olaraq Rusiyanı məğlub etməyi fikirləşirlər. Ukraynanın Qərblə Rusiya arasında platsdarma çevrilməsi fikirləri daha çox Kremlin maraqlarına xidmət edir. Çünki Rusiya bununla özünün hərbi cinayətlərinə bəraət qazandırmaq niyyətindədir. Xüsusi olaraq bir məsəni vurğulamaq istəyirəm ki, müharibəyə qədər Ukrayna əhalisinin bəlli bir hissəsi Rusiyaya qarşı loyal münasibət sərgiləyirdi. Artıq belə deyil. Ölkənin tamamı aqressorun tam və birdəfəlik zərərsizləşdirilməsini istəyir.

- Bu yaxınlarda Ukrayna hərbi komissarlığının məlumatı yayılmışdı ki, döyüşə göndərməyə çağırışçı tapa bilmirlər, yəni əli silah tutası milyonlarla insan xaricə qaçıb. Problem bu dərəcədə kəskinləşib?

- Doğrusu, Ukrayna ordusunun səfərbərliyi ilə bağlı ciddi problem müşahidə eləmirəm. Döyüş bölgəsindən hərbçilərin yerdəyişməsi prosedurlara uyğun şəkildə həyata keçirilməkdədir. Düzdür, Ukrayna ordusunun itkiləri də var. Amma döyüşlərdə Ukrayna ordusunun zəif təsir bağışladığı müşahidə olunmur. Siyasilərin və ya hərbi administrasiya rəsmilərinin dediklərini şərh etmək üçün kifayət qədər informasiyaya malik deyiləm. Amma görünən budur ki, Ukrayna siyasi elitası, hərbi dairələr və cəmiyyət ölkənin işğal olunmasına qarşı yüksək səviyyədə səfərbər olunub.


Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”
Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”
Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”
Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”
Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”
Döyüş meydanından birbaşa: “Müharibə günü-gündən şiddətlənir”скачать dle 12.1