Bia.Az

Azərbaycan faunası məhv olur... - aclıq, uyğunsuz şərait və insan təhlükəsi...

Cəmiyyət
 4-02-2024, 14:04     160

Hər il yer üzündə vəhşi fauna üçün getdikcə daha az yer qalır. Planetin əhalisi artır, yeni yaşayış məntəqələrinə və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə ehtiyac yaranır. Heyvanlar brakonyerlərin əlində, avtomobillərin təkərləri altında və qida çatışmazlığından tələf olur.

Dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də bəzi heyvanlar çoxdan yoxa çıxıb, “Qırmızı Kitab” daim yeni növlərlə yenilənir. Qeyd edək ki, əvvəllər məhv olmaq təhlükəsi altında olan bəzi heyvanların sayı artıb. Bunlara, xüsusən də keçən əsrdə Azərbaycanda sayı cəmi bir neçə yüz baş olan ceyranlar daxildir.

2023-cü ilin payız mövsümündə aparılan son hesablamalara görə, Azərbaycanda 7889 baş ceyran var. Onların əksəriyyəti - 6372 baş Şirvan Milli Qoruğunda yaşayır. Eyni zamanda, reintroduksiya proqramına əsasən, ceyranlar ölkənin müxtəlif bölgələrində, xüsusilə Qobustan-Cəngiçay qoruğunda, eləcə də Gürcüstanla həmsərhəd ərazilərdə buraxılıb.

Amma məsələn, bu cütdırnaqlılarla məşhur olan Ceyrançöldə indi müxtəlif antropogen amillərlə əlaqəli olaraq ceyranlara nadir hallarda rast gəlinir. Bəzi ekoloqların qeyd etdiyi kimi, fakt budur ki, qorunan ərazilərdə heç bir şey onları təhdid etmir, qalanlarında isə hər şey fərqlidir.

“Həyəcan” İctimai Birliyinin sədri, ekoloq Əliheydər Məmmədov mövzuya dair AYNA-ya deyib ki, vaxtilə Şirvan Milli Parkından Qobustan çölü ərazisinə və digər yerlərə ceyranların buraxılmasına ehtiyac yox idi: “Milli parkdan buraxılan bir çox ceyran təbiətdə yaşaya bilməyəcək, çünki parkda insanları görür və onlardan qorxmur, orada heç kim onlara atəş açmır və hər şey onlara tanışdır. Yeni buraxıldığı yer isə tanımadığı ərazidir, burada brakonyerlər ola bilər və canavarlardan əlavə, başqa bir yırtıcı var - vaşaq. Biz onların ərazisini genişləndirmək qərarına gəlmişik, lakin əvvəlcə bu addımın mümkün nəticələrini təhlil etmədik”.

“Heyvanların davranışını öyrənən etologiya kimi bir elmi nəzərə almaq lazımdır. Belə heyvanların ölümünün bir çox səbəbi ola bilər - insanların əlində, tanımadığı yırtıcılar, qeyri-adi qidalanma və s. Məsələn, Şirvan parkından fərqli olaraq, hətta su tapmaq çətin olan Qobustana da ceyranlar buraxılıb. Bu yerlərin özünəməxsus ceyranları var ki, onlar çoxdan orada yaşayır, lakin onların sayı çox azdır və onlar həmin şəraitə uyğunlaşıb. Bəli, onlar bir vaxtlar ceyranların buraxıldığı ərazilərdə yaşayırdı, amma əvvəllər bu və ya digər ərazidə yaşayan, indi isə mövcud olmayan heyvanlarımn sayı çox deyilmi? Antropogen şərait, ətraf mühit, iqlim dəyişdi. Bakının gerbində hepard təsvir olunub, bəs indi Abşeronda varmı? Və ya Şirvan ərazisində şirlər yaşayırdı, amma onlar çoxdan yoxa çıxıb”, - deyə ekspert bildirib.

Məmmədovun sözlərinə görə, insanın təbiət işlərinə müdaxiləsi heç də həmişə müsbət nəticə vermir: “Məsələn, mən başa düşə bilmirəm ki, soyuq Belarusdan isti Azərbaycana - iqlimimizə uyğunlaşmayan bizonları gətirmək nəyə lazım idi? Bu, meşə bizonudur və bizim Qafqaz dağ bizonunun çoxdan nəsli kəsilib. Yaxşı olar ki, kulanları gətirib Şirvan Milli Parkına buraxsınlar. Ötən əsrin 70-80-ci illərində Belovejskaya Puşşadan Azərbaycana artıq 11 bizon gətirilərək İsmayıllı Təbiət Qoruğuna buraxılmışdı. Həmin təcrübə uğursuz oldu - hamısı öldü, bəziləri onlar üçün yararsız ağacların budaqlarından zəhərləndi, qalanları istiyə dözə bilmədi. Müasir təcrübənin nə qədər uğurlu olacağını zaman göstərəcək”.

Həmsöhbətimiz söyləyib ki, Azərbaycanda yenotlar təbiətə buraxılarkən, quş yuvalarını dağıtmağa başladığı üçün xeyli sayda quş məhv edilib: “Və zəncir boyu ağaclar çürüməyə başladı, çünki həşərat zərərvericilərini məhv edən yox idi. Necə və nə üçün gətirildilər? Ötən əsrin 30-cu illərində xəz bütün dünyada yüksək qiymətləndirilirdi. Sonra yenotlar Amerikadan Almaniyaya gətirildi, oradan bütün Avropaya yayıldı və Azərbaycana gəldi. Son illər çoxları iqlim dəyişikliyinin təbiətə, o cümlədən faunaya mənfi təsirindən danışırlar. Əlbəttə ki, iqlim getdikcə daha quraqlaşır, təsir edir. Ancaq antropogen amil təbiət üçün ən travmatik olaraq qalır”.

Ölkəmizdə hansı heyvanlar nəsli kəsilmək ərəfəsindədir? Ekloqob belə izah verib: “Məsələn, zolaqlı hiyena. Digər leş yeyən yırtıcılar kimi bu yırtıcının da həsəd aparılmaz taleyi əsasən insan fəaliyyəti ilə bağlıdır. Qeyd edək ki, mühüm amil onun üçün uyğun yaşayış yerlərinin azalması və kifayət qədər qida ehtiyatının olmamasıdır. Bir vaxtlar kənddən kənara ölü təsərrüfat heyvanları atılırdı, belə qidalar canavar, çaqqal, hiyana yem olurdu. Bu, onların sağ qalmasına kömək edirdi və canavarlar indi tez-tez olduğu kimi mal-qaraya hücum etmirdi. Sonra ölmüş mal-qaranı basdırmağa başladılar və indi tez-tez kolbasa istehsalına keçirlər, daha sonra insanlar qidalanırlar. Zolaqlı hiyenanın isə getdikcə daha az qida mənbəyi var. Yemək axtarışında bir çox yırtıcı İrana köç edir”.

“Qafqaz qarapaçası da yox olmaq ərəfəsindədir. Ölkədə həm də manul və çöl pişiklərinin sayı kəskin azalıb. Biz artıq Aralıq dənizi şahinini itirmişik. Ümumiyyətlə, ölkədə yırtıcı quşların sayı kəskin şəkildə azalır. Səbəblər müxtəlifdir. Amma bunlardan biri budur: ərəb ölkələrində şahin bahadır, pul qazanmaq istəyənlər ov quşlarının cücələrini, onların hansı quş olduğunu anlamadan satırlar. Nəticədə yuvalar dağılır və bir çox yırtıcı quşlar sonradan əsirlikdə tələf olur”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.

Müəllif: Elya Belskaya
Mənbə: Ayna.azскачать dle 12.1