Bia.Az

Rəsulzadə erməni təbliğatının hədəfində - Zatulin nə barədə susur, nə barədə sərsəmləyir?

Cəmiyyət
 3-02-2024, 17:09     119

Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi erməni təbliğatına rahatlıq vermir. İkinci Dünya müharibəsi illərində Qaregin Njdenin fəaliyyətinin əsl mahiyyətini Rusiya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycanın uğurlu səyləri nəticəsində, Armavirdə alman faşistlərinin bu əlaltısının xatirə lövhəsinin sökülməsinin kinini saxlayan erməni təbliğatı indi öz səylərini Rəsulzadənin imicini ləkələməyə istiqamətləndirib.

Beləliklə, iyrənc ermənipərəst təbliğatçı Konstantin Zatulin son zamanlar Rəsulzadənin Üçüncü Reyxlə əlaqələri ilə bağlı Rusiya ictimaiyyətini çaşdırmağa çalışır. “Moskva danışır” radiosunda “Ağıllı oğlanlar” verilişində çıxış edən Zatulin “Bakının Moskvada suallar doğuran ziddiyyətli addımlarına” toxunub.

“Rəsulzadə Pilsudski ilə, sonra Hitlerlə əməkdaşlıq edib, həmçinin Vehrmat sıralarında Azərbaycan legionunun formalaşmasının iştirakçısı olub. Yeri gəlmişkən, kifayət qədər döyüş qabiliyyətinə malik olan bu birləşmə 1945-ci ildə Berlini müdafiə edərək, döyüş yolunu başa vurdu. Söhbət Azərbaycan legionundan gedir. Cənab Rəsulzadə o zaman Qızıl Ordudan Qərbə qaça bildi və nəhayət Türkiyədə 40-50-ci illərdə SSRİ-nin əsarətində olan xalqların azadlığı komitəsinin rəhbərliyində iştirak etdi. Beləliklə, dost Azərbaycan son 10 ildə ikinci dəfə bu şəxsin yubileyini qeyd edir”, - deyə Zatulin bildirib.

Bundan əvvəl Zatulinin rəhbərlik etdiyi Lazarev Klubu və MDB Ölkələri İnstitutu (Moskva) Azərbaycanda Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı bəyanat yayaraq, Njdenin adını “ağartmağa” çalışıblar.

Hitlerlə əməkdaşlıq etməyi Rəsulzadənin “xidmətlərinə” aid etmək Zatulinin erməni ağalarının axmaqlığından irəli gəlir. Hələ SSRİ ilə müharibə başlamazdan əvvəl Almaniya hökuməti siyasi mühacirətin nümayəndələri, o cümlədən Azərbaycandan olan mühacirlərlə məqsədyönlü şəkildə əlaqələr qurmağa başlamışdı.

Alman faşistlərinin, hətta SSRİ ilə müharibədə qalib gəlsələr belə, Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların müstəqilliyini bərpa etmək fikrində olmadıqlarını anladığı üçün Rəsulzadə əvvəldən bu məsələdə kifayət qədər ehtiyatlı və balanslı mövqe tutmuşdu.

Sonralar, 1942-1943-cü illərdə Berlin dəfələrlə Rəsulzadəni əməkdaşlığa razı salmağa cəhd etsə də, heç bir nəticəsi olmayıb. Onun 1943-cü ildə azərbaycanlı legionerlər qarşısında çıxışı Almaniya hakimiyyəti tərəfindən onunla bütün əlaqələrin tamamilə kəsilməsinə səbəb oldu.

Rəsulzadə bu çıxışında azərbaycanlı legionerləri öz azadlıqları uğrunda mübarizə aparan xalqlara qarşı silah qaldırmamağa çağırıb. Eyni zamanda açıq şəkildə bildirib ki, “bir çox xalqların müstəqil və azad dövlət həyatını əlindən alan, dövlət müstəqilliyinə son qoyan Almaniya kommunist işğalı altında olan Azərbaycana heç vaxt müstəqillik verməyəcək”.

Rəsulzadə ilə danışıqların nəticə vermədiyini görən almanlar Fuad Əmircan, Abbas Atamalıbəyov və Əbdürəhman Fətəlibəyli-Düdənginski ilə əməkdaşlıq etməyə başladılar. Azərbaycanlılarla əlaqə qrupuna rəhbərlik Düdənginskiyə həvalə edildi. Bununla yanaşı, qrup azərbaycanlı legionerlərə istiqamət vermək funksiyasını da yerinə yetirib. Odur ki, Rəsulzadə “Azərbaycan legionu”nun yaradılmasında heç də fəal iştirak etməyib.

İndi də Zatulin Azərbaycan rəhbərliyini “ziddiyyətli addımlarda” ittiham etməyə çalışır: “Bəlkə, bunu xatırlamazdım, amma fakt budur ki, həmin İlham Əliyev özü də MDB sammitində Ermənistanı Qaregin Njdeni dəstəkləməkdə ittiham edərək, rəsmi şəkildə məsələ qaldırmışdı. Njde - Böyük Vətən müharibəsi illərində almanlarla təmasda olan erməni siyasi xadimidir”.

Beləliklə, Zatulin öz savadsızlığı ilə faşizmin tərənnümünü fəal şəkildə pisləyən ölkədə hərbi cinayətkar Njde kultunu ucaltmağa çalışır. Lakin bu il yanvarın 1-də İrəvanda “Hosank” neonasist qruplaşmasının Njdenin doğum günü şərəfinə nasist şüarları səsləndirdiyi və nasist salamı ilə əllərini qaldırdığı yürüşün keçirilməsi məsələsində isə ölüm susuqunluğu saxlamağa üstünlük verir.скачать dle 12.1