Bia.Az

"Bu dəfə 36 saata 30 manat aldılar..." - ETİRAZ

Cəmiyyət
 1-02-2024, 17:48     199

H. Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan terminalına aid avtodayanacaqlarda qiymətlər 3 dəfə, yəni günlük beş manatdan on beş manata qaldırılıb. Bu, Bakıda yaşayan, tez-tez vətənlərinə qısa səfərlər edən naxçıvanlılar arasında ciddi narazılıq yaradıb. Bu haqda „Gündəlik Naxçıvan“a Bakıda daimi yaşayan bir qrup naxçıvanlı məlumat verib.

Bakıda yaşayan bir çox naxçıvanlı 2-3 günlük səfərdən geri dönərkən, taksi axtarmasınlar deyə, avtomobillərini hava limanın dayanacağında saxlamağa üstünlük verir.


Şikayətçilərdən İbrahim Məmmədov deyir ki, bu yaxınlarda o da avtomobilini dayanacaqda saxlayıb, Naxçıvana gedib. Lakin, geri dönəndə gözlərinə inanmayıb:


“ Bir neçə gün əvvəl Naxçıvana gedib qayıtdım. Əvvəllər 2 sutkaya 10 manat ödədiyim halda, bu dəfə 36 saata 30 manat aldılar. Belə olmaz axı. Birdən-birə qiymətlərin az qala iki dəfə qaldırılması yolverilməzdir. Giriş-şıxışa bir şlaqbaum qoyub insanları soyurlar. Bu da ərzaq deyil ki, xaricdən gətirildiyini bəhanə edib, qiymətini qaldırsınlar. Hər gün yüzlərlə naxçıvanlı həmin dayanacaqdan istifadə edir. Qiymətlərin bu qədər qaldırlmasının heç bir əsas yoxdur. Vəziyyətdən istifadə edib, insanları soyurlar”.


Digər şikayətçi Rauf Əliyev isə deyir ki, üç günlük səfərdən qayıtdıqdan sonra dayanacağa ödədiyi pul, təyyarə biletinə ödədiyindən artıq olub:


“Elə olur ki, axşam reysi ilə təcili Naxçıvana uçub, səhərisi geri qayıtmalı oluruq. Qiymətlərin birdən-birə bu qədər qaldırılmasını başa düşmürəm. Axırıncı dəfə qohumumun yas mərasiminə getmişdim. Üç gün qalmalı oldum. Qayıdanda avtodayanacağa 59 manat pul ödəməli oldum”.
скачать dle 12.1