Bia.Az

Məktəblərdə intihar kabusu - Nazirlik məktəblərdə psixoloq sayını gizli saxlayır

Cəmiyyət
 1-02-2024, 11:44     157

"Ümumi təhsil müəssisələrində psixoloq ştatlarının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli Qərarı ilə müəyyən edilir və ştat cədvəlinə görə ümumi və tam orta məktəblərdə psixoloq ştatları var".

Bu Sputnik Azərbaycan-ın ümumtəhsil müəssisələrində neçə psixoloqun olması ilə bağlı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış sorğusuna cavabda bildirilib.
Qeyd edilib ki, "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"nda psixoloq vəzifəsi və onun funksiyaları nəzərdə tutulub. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.04.2020-ci il tarixli 157 nömrəli Qərarı ilə təsdiq edilib.
Məlumat üçün bildirək ki, sözügedən qərarla məktəbdə şagird sayı 1000-dək olduqda, 1 vahid, şagird sayı 1000-dən 3000-dək olduqda, 2 vahid, şagird sayı 3000-dən çox olduqda, 3 vahid psixoloq ştatı ayrılmalıdır. Özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı isə həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.
Onu da bildirək ki, Milli Məclis məktəblilərin intiharı ilə bağlı həyəcan təbili çalıb. Parlamentin Elm və təhsil komitəsinin iclasında deputat Kamilə Əliyeva bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən məsələlərdən biri orta məktəbdə şagirdlərin ölüm sayının artmasıdır: "Bu məsələ çox narahatedicidir. Psixoloqların üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirməməsi, "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun düzgün tətbiq edilməməsi kimi məqamlar var. Yəni müxtəlif səbəblərdən orta məktəblərdə həyatını itirən uşaqların sayında artımı görürük. Ona görə bu məsələ ilə bağlı dinləmə keçirilməsini təklif edirəm".
Klinik psixoloq Rövşən Nəcəfov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbyaşlı uşaqlar arasında intihar hallarının qarşısının alınması istiqamətində ciddi işlər görülməlidir. O, bu mənada ilk işlərin məktəblərdən başlanılmalı olduğunu söyləyib.
"Təəssüflə qeyd etməliyik ki, məktəblərdə şagirdlər arasında intihar halları müşahidə olunur. Ona görə də məktəb psixoloqlarının sayı artırılmalı, seans otaqları hazırlanmalıdır. Şagirdlər məktəb psixoloqlarını müəllimlərdən fərqləndirilməlidirlər. Məktəblərdə psixoloqların fəaliyyətləri geniş deyil. Ayrıca saatları olmadığından dərslərə müdaxilə edərək, tənəffüs zamanı şagirdlərlə söhbət aparırlar" - o bildirib.
R.Nəcəfov bildirib ki, məktəblərə peşəkar psixoloqları cəlb etmək üçün dərs saatları ayrılmalı, məktəblərdə psixoloq sayı artırılmalıdır: "Bu gün reallıq odur ki, məktəb psixoloqlarının çoxu ixtisaslı kadr deyil. Pedoqoloji psixologiya üzrə kadr hazırlığı aparılmalıdır. Azərbaycanda təhsil psixolojiyası üzrə kadr yoxdur. Xarici təcrübədə bu cür kadrlar hazırlanır və onlar məktəblərdə çalışırlar".
Klinik psixoloq onu da vurğulayıb ki, şagird sayı çox olan məktəblərdə minimum beş psixoloq olmalıdır. O, xarici ölkələrdə məktəblərdə 10-20 psixoloqun fəaliyyət göstərdiyini söyləyir: "Həmin psixoloqların spesifik sahələri olur. Məktəblərdə yeniyetmə və uşaqlarla ayrı-ayrı psixoloqlar işləyirlər".
Psixoloq bildirib ki, həmçinin valideynlərlə də iş aparılmalıdır. Onun sözlərinə görə, ailədə mübahisələr şagirdlərin dərs və davranışlarına, psixoloji vəziyyətinə təsir edir.
Həmsöhbətimiz deyir ki, bütün məktəblərdə şagirdlərin psixoloji pasportları hazırlanmalı, şagirdlərin psixodiaqnostikası aparılmalıdır.
скачать dle 12.1