Bia.Az

"İranın beynəlxalq konvensiya əsasında qorumadığı səfirliyimizə qarşı terror aktı törədənlər cəzalandırılmalıdır"

Cəmiyyət
 29-01-2024, 17:18     193

Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. İttihama əsasən, həmin şəxs odlu silahdan istifadə edərək səfirlik ərazisində Azərbaycan vətəndaşını qəsdən öldürməyə, qanunsuz silah-sursatın alınması, daşınması və saxlanılmasına görə təqsirli bilinir. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu törədilib. Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməkdaşı müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yanvarın 27-si İrandakı səfirliyimizə qarşı törədilən terror hadisəsindən 1 il keçdi. Artıq terror hadisəsini törədən şəxsin məhkəmə prosesinin ilk iclası keçirilib.

Vüqar İskəndərov 
Vüqar İskəndərov

“Bu terror hadisəsinə bütövlükdə baxanda bunun heç də ilk əvvəl deyildiyi kimi məişət zəminli və digər məsələlərlə bağlı deyil, sırf terror hadisəsi olduğu məlum olur. Məqsəd isə, bütün səfirliyin əməkdaşlarını öldürmək idi. Ancaq bizim səfirliyin mühafizə əməkdaşının şücaət və qəhrəmanlığı nəticəsində terror hadisəsini törədən şəxs zərərsizləşdirilə bilib. Kamera görüntülərinə baxdıqda da görürük ki, avtomatla səfirliyin qarşısında gəzən bir adama heç kim yaxınlaşmadı, heç kim polisə xəbər vermədi, heç bir müĥafizə xidməti tədbir görmədi. Əksinə, mühafizə xidmətinin əməkdaşına hansısa işarə verildi və ondan sonra həmin əməkdaş yoxa çıxdı. O qədər zəif bir senari hazırlanıb ki, buna istintaqçı yox, adi bir vətəndaş da baxanda hər şeyin hazırlandığını görə bilər. Bundan sonra iki ölkə arasındakı münasibətlər çox gərginləşdi.
Azərbaycan tərəfi səfirliyi bağlamağa məcbur oldu. Çünki artıq beynəlxalq konvensiya pozulmuşdu. Azərbaycanın İran tərəfindən qorunmalı olan səfirliyinə silahlı hücum baş vermişdi. Bundan sonra həmin terrorçunun qəhrəman kimi yerli televiziyalara müsahibə verməsi, ümumiyyətlə artıq əndazəni aşmış oldu”-deyə deputat bildirib. Onun sözlərinə görə, rəsmi Bakı hadisənin İran tərəfindən araşdırılmasını və təkcə, cinayətkarın yox, ümumiyyətlə, bunu təşkil edən bütün cinayətkarların tapılaraq istintaqa verilməsi və ən ağır cəza ilə mühakimə olunmasını tələb edib.

“Artıq məsələdən bir il keçib. Bu müddət ərzində rəsmi Tehran həm prezident, həm xarici işlər nazirliyi və digər müvafiq orqanlar səviyyəsində istintaqın ədalətlə və düzgün aparılacağını və bu işi törədənlərin ən ağır cəzayla cəzalandırılacağını söz verib. Rəsmi Bakı bu müddət ərzində məhkəməni gözləyib. Əsas məsələ budur. Artıq ilk məhkəmə iclası keçirilib. Rəsmi Bakı və xarici işlər nazirliyimiz bu fikiri söylədi ki, bizi qayğılandıran məsələlər var. Bu terrorçunun mühakimə edilməsi və səfirliyimizin təhlükəsizliyinin qorunması üçün rəsmi Tehranın qarantiya verməsi lazımdır. Çünki biz öz əməkdaşlarımızın təhlükəsizliyi üçün narahatıq. Qarantiya olmalıdır ki, səfirlik normal fəaliyyətə başlaya bilsin”-deyə deputat bildirib.

Vüqar İskəndərovun fikrincə, indiki proseslərə baxsaq, İran və Azərbaycan arasındakı münasibətlər qismən də, olsa normallaşmağa doğru gedir. İran rəsmiləri bir neçə dəfə Azərbaycana səfərlərdə və digər beynəlxalq platformalarda görüşlərdə Azərbaycanla olan bağlı olan fikirlərində sözlərini korrektə edirlər. Münasibətləri normallaşmasında maraqlı olduqlarını söyləyirlər.

“Əsas, konkret mövqe ilə bağlı görüləcək əməli işlərdir. Düşünürük və ümid edirik ki, cənubdakı qonşumuz olan İran “müsəlman qardaş” dediyi Azərbaycanla iki tərəfli münasibətlərində hazırkı situasiyanı və geosiyasi reallığı doğru düzgün qiymətləndirəcək. Və iki ölkə arasındakı münasibətlər yüksələn xətlə inkişaf edəcək”-deyə deputat əlavə edib.скачать dle 12.1