Bia.Az

"Günahkar" pandemiya deyil... Azərbaycanda özünəqəsd rekordu: son 15 ildə 5 dəfəyə qədər artıb

Cəmiyyət
 26-01-2024, 16:26     169

Bizim ölkədə yanlış təsəvvür yaradılır ki, Skandinaviya dövlətlərində intihar statistikası yüksəkdir. Guya insanlar yaxşı təmin olunduğundan həyatla bağlı mübarizə eşqi qalmır, özünəqəsdə əl atırlar. Halbuki, qətiyyən belə deyil. Beynəlxalq təşkilatların rəqəmləri göstərir ki, ən çox intihar üçüncü dərəcəli ölkələrdə qeydə alınır. Azərbaycanda əvvəllər statistika vahiməli görünməzdi. İndi isə rəqəmlər dəhşət saçır.

Bizimyol.info xəbər verir ki, keçən il ölkədə 620 nəfər həyatına son qoyub. Bununla da, rekord qeydə alınıb. Heç vaxt Azərbaycanda bu qədər insan il ərzində canına qıymamışdı. 2021-ci ildə 612 nəfər özünü öldürəndə bunu pandemiya ilə əlaqələndirənlər çox idi. Amma hadisələrin gedişi göstərir ki, məsələ koronavirusda deyil. İnsanlar sosial problemlərin məngənəsində sıxılır, çıxış yolu görmürlər.

Azərbaycanda özünə qəsd edənlərin sayı son 15 ildə 5 dəfəyə yaxın artıb. 2008-ci ildə cəmi 138 nəfərin özünü öldürdüyü məlum olmuşdu. Xüsusilə 2011-ci ildən kəskin artım müşahidə edilir.

Psixoloq Vəfa Əkbər deyir ki, insanlar üzləşdikləri problemlərin həllinə çarə kimi intiharı çıxış yolu seçərək həyatlarına son qoyurlar. Onun fikrincə, özünəqəsd sosial mühit və fərdi psixoloji problemlərin təsiri ilə əlaqəlidir. Psixoloq Elnur Rüstəmov isə insanların daha çox diqqət cəlb etmək üçün intihar etdiyini düşünür.

İntihar edən şəxs qətiyyətli addımdan əvvəl bu barədə mütləq danışır, kiməsə mesaj çatdırmağa çalışır. İstəyir ki, onu bu fikrindən daşındırsınlar. Bir növ xilas olunmağı arzulayır. Amma çıxış yolu tapılmayanda daha bir insanı itiririk.

Azərbaycanda insanlar niyə intihar edirlər?

Daha çox ona görə ki, sosial problemlərin öhdəsindən gələ bilmirlər, gələcəyə ümidlə baxmırlar, gərginliyə bir anda son vermək istəyirlər. İnsan nə qədər stres yaşayar?! İnsanlara yönəlmiş, onlara zaman ayıran sosial proqramlar yoxdur. Bu ölkədə hər şey insan üçün deyil. Nəticədə belə dəhşətli statistika ortaya çıxır.

скачать dle 12.1