Bia.Az

Şagird məktəbə cibində silahla gəlir — Xalq artisti təhsildəki problemlərdən DANIŞDI

Cəmiyyət
 24-01-2024, 16:47     328

Məktəblilər arasında zərərli vərdişlər artır. Şagirdlər bir-birini bıçaqlayır, məktəbdə, sinifdə bir-birilərini vəhşicəsinə döyür, əxlaqdan kənar hərəkətlər edirlər. İş o yerə çatıb ki, bəzi məktəblərdə narkotikdən də istifadə olunur, şagird məktəbə kitab-dəftərlə gəlmək əvəzinə cibində silahla gəlir. Bir neçə il əvvələ qədər belə hadisələr yaşanmırdı və ya tək-tük istisna hallarda baş verirdi. İndi isə sosial şəbəkələrin, internet oyunlarının təsirindən demək olar hər gün belə hadisələrin olduğunu eşidirik. Bəziləri yeniyetmələrin düzgün tərbiyə almamasında məktəbi, bəziləri valideyni günahlandırır. 

Xalq artisti Rasim Balayevin məsələyə yanaşmasını öyrəndik. Sevilən aktyorun fikrincə, sosial şəbəkələr, telefon aludəçiliyi, “Tik-Tok” uşaqları yoldan çıxarır:

“Bir şeyi qadağan edəndə də ona həvəs daha da artır. Qohumlarda, tanışlarda görürəm uşağın əlindən telefonu alırlar, əsəbləri korlanır, hirslənir, başlayır cığallıq eləməyə. Böyüklərə bunlar elə də çox təsir etmir, çünki müəyyən yaş dövrünü artıq geridə qoyublar, amma uşaqlar təsir altına tez düşürlər. Zəmanənin bəlasıdı, nə deyim vallah…

Bütün valideynlər uşağının yaxşılığını istəyir. Valideyn uşağını məktəbə göndərir, özü də işə gedir, elə bilir uşağı dərsdədi. Qabaqlar yadımdadı polis idarələrində uşaq şöbəsi var idi. Sizin yadınızda olmaz, cavansınız… Uşaq bir gün dərsə getməyəndə, məktəb həmin dəqiqə polisə xəbər verirdi, valideyni məktəbə çağırırdılar. Mənə elə gəlir ki, bu gün belə şey yoxdu. Uşaq yalandan kitab-dəftərini götürüb guya məktəbə gedir, əvəzinə kinoya baxmağa gedir, başqa yerlərdə vaxtını keçirir.

Dediyim odu ki, nəzarət lazımdı. Uşaq formalaşana qədər valideyn, məktəb, müəllim tərəfindən ona nəzarətdə olmalıdır. Uşaq bilməlidi ki, etdiyi hər hərəkətdən əvvəl-axır ailəsi xəbər tutacaq, cəzalanacaq. Müəyyən yaş həddinə çatana qədər axı o uşaqdı, bilmir nə yaxşıdı, nə pis. Nədən xoşu gəlir ona meyillənir. Bir də ayılırıq ki, artıq orta məktəblərdə narkomaniya yayılıb. Bu bizim gələcəyimizin olmaması deməkdir. Bugünkü uşaqlar belədisə, vay bizim halımıza… Hansısa yollarla tədbir görülməlidi”./Gununsesi.infoскачать dle 12.1