Bia.Az

Şəhid atası satdığı kartofun pulunu ala bilmir – Qismət Bədirov iddia edir ki, polis şikayətinə baxmır

Cəmiyyət
 24-01-2024, 15:36     184

Cəlilabad rayonu, Kazımabad kənd sakini, şəhid atası Bədirov Qismət Soltan oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şəhid atası iddia edir ki, oğlunun şəhid olduğu vaxtda kənd sakini İlqar Ağayev  əziyyətlə əkib-becərdiyi kartofu alıb, lakin ona verəcəyi 4750 manat pulu mənimsəyib:

“Mən, Bədirov Qismət Soltan oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Kənd sakini olaraq hər kəs kimi biz də çörəyimizi əkindən çıxardan adamlarıq. 2021-ci ilin oktyabr ayının 29-da oğlum Bədirov Murad Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Başım oğlumun yas mərasiminə qarışdığından, İlqar Ağayevə satdığım kartofun pulunu vaxtında tələb edə bilmədim.  Bundan istifadə edən kəndçim illərdir mənə borclu olan pulu ödəmir. Kartofu satan vaxt mənə pulu 1 həftəyə verəcəyini demişdir.

Məsələ ilə bağlı Göytəpə şəhər polis bölməsinin rəisi Asif müəllimə ərizə ilə müraciət etmişəm. Lakin heç bir xəbər yoxdur. Rəis mənə “sübut edə bilərsənmi” dedi? Mən də İlqarın mənə verdiyi kağızı göstərdim. Hansı səbəbdən olduğunu bilmədim, amma mənim işimə polis baxmadı. İlqarı heç narahat da etmədilər.

İlqara bildirdim ki, rəisə demişəm, indi də gedib Cəlilabad rayon polis rəisinə deyəcəm. Mənə bildirdi ki, “kimə istəyirsən de, vermirəm”.
Cəlilabad rayon polis bölməsinin rəisi Polad müəllimə ərizə yazaraq şikayət etdim. Düşündüm ki, məsələnin araşdırılması üçün əlindən gələni edəcək. Polad müəllim mənə dedi ki, get biraz gözlə, sənə xəbər verəcəm.

1 aydan çox vaxt keçdi, heç bir xəbər gəlmədi. Yenidən rəisin yanına getdim, amma məni qapıdan içəri buraxmadılar. Dəfələrlə qəbula getdim, qəbula düşə bilmədim.

26 dekabrda işlədiyim quruma - Yol idarəsinə işə getdim, şofer işləyirdim. Bu dəfə də səbəbsiz yerə işdən çıxarıldığımı öyrəndim. İçəri buraxmadılar ki, gedim səbəbini öyrənim,.

Artıq bu qədər haqsızlıq olmaz deyib, 1 lt benzini üstümə töküb, İcra Hakimiyyətinin qəbuluna getdim. Polis üstümdən gələn benzin iyisini duyub, tez gedib xəbər verdi. İcra başçısı dərhal gəldi və mənimlə söhbətə başladı. Problemimi ona danışdım, mənə dedi ki, prezident hər ay sənə 600 manat pul verir, bəs etmir sənə? Sonra əlavə etdi ki, get polis bölməsinə, zəng vurub danışacam.

Asif müəllimin qəbuluna getdim, ona başa saldım ki, necə olur, əlimlə ona kartof satmışam, indi pulunu alıb vermirsiz? Asif müəllim dedi ki, sən əlinlə-ayağınla vermisən bilmirəm, sübut yoxdur. Dedim ki, zorla da olsa pulun bir qismini almişam, qalıb 2250 manat, çox xahiş edirəm, kömək edin, pulumu alım. Rəis mənə dedi ki, sənə olan borcu mən verəcəm, ondan istəmə, o mənim kartof şərikimdir. Bu sözdən çəkindim, puldan imtina etdim.

Sonradan bildim ki, çalışdığım idarənin baş mexaniki Asif müəllimin xalası oğlu imiş. Deməli, sifarişlə məni işdən çıxartdırıb.
Sizdən xahiş edirəm, mənim müraciətimi işıqlandırın, bəlkə mənim borcumu gətirib verələr”.

Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



скачать dle 12.1