Bia.Az

Prorektorun qətlini sifariş etməkdə ittiham olunan professor: “Məhkəmə qapalı keçirilsin”

Cəmiyyət
 17-01-2024, 18:52     204

Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ilin sentyabrında qətlə yetirilməsilə bağlı məhkəmə prosesi başlayıb. Onun qətlində ittiham olunan şəxslərdən biri həmin dövrdə universitetin rektoru olub, digəri isə o zaman polis zabiti kimi daxili işlər orqanlarında xidmət edirdi.

Bizimyol.info xəbər verir ki, bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində müttəhimlər kürsüsündə üç nəfər əyləşib – Müşfiq Atakişiyev, onun qohumu Dəyanət Quliyev və həmkəndlisi Samir Quliyev.

Təfəkkür Universitetinin keçmiş rektoru, 1966-cı il təvəllüdlü professor Müşfiq Atakişiyev 2023-cü ilin noyabrında həbs olunub. Həmin vaxt o, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru idi. Müşfiq Atakişiyev həmçinin İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olub. Digər təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev 2000-ci ildən 2020-ci ilə qədər (hadisə baş verəndə vaxt da) polis əməkdaşı, mayor rütbəsində xidmət edib. O, Binəqədi rayonu, 7-ci polis bölməsində işləyib. Üçüncü təqsirləndirilən Samir Quliyev isə taksi sürücüsü olub.

Yanvarın 17-də hakim Siyavuş Hacıyevin sədrliyilə bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib ki, məhkəmə prosesi qapalı keçirilsin. Vəkil jurnalistlərin iştirakına da etiraz edib. Vəkil vəsatətini əsaslandırarkən deyib ki, müvəkkili ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər. Onun sözlərinə görə, təqsirləndirilən şəxslərin səmimin ifadə verməsi üçün də prosesin qapalı keçirilməsi üçün vacibdir. Müşfiq Atakişiyev və digər təqsirləndirilən şəxslər, onların vəkilləri vəsatəti müdafiə ediblər. Prokuror Cövdət Mehrəliyev isə vəsatətin təmin olunmamasını istəyib. O deyib ki, cinayət işini materiallarında sirr sayılan məlumatlar yoxdur. Bundan sonra belə bir hal ortaya çıxsa və zərurət yaransa, proses qismən qapalı keçirilə bilər.

Hakimlər də məhkəmə prosesinin qapalı keçirilməsinə əsas görməyib və vəsatəti təmin etməyiblər. Hakim Siyavuş Hacıyev bildirib ki, prosesin gedişində qapalı keçirilməsinə zərurət yaransa, bu məsələ müzakirə oluna bilər.

Prorektorun qətli ilə bağlı məhkəmə baxışı yanvarın 22-nə təyin olunub.

“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədov 16 sentyabr 2011-ci ildə qətlə yetirilib. Cinayətin üstü 2023-cü ildə açılıb. İttihama əsasən, həmin vaxt universitetin rektoru işləmiş Müşfiq Atakişiyev Tariyel Əhmədovu öldürməyi qohumu Dəyanət Quliyevə sifariş verib. Son nəticədə cinayəti Samir Quliyev icra edib. İttihama görə, bu qətl 40 min dollar müqabilində törədilib.

скачать dle 12.1