Bia.Az

Yaşamağa gecikən adam...

Cəmiyyət
 17-01-2024, 14:47     237

Xəbər-adamın son xəbəri: Səbuhi Məmmədliyə rekviyem

Bir uca qamətli, sarışın bənizli, canı ağrılı, gülər üzlü reportyor var idi. Ömür boyu xəbərin dalınca qaçdı. Ayaqlarını itirənə qədər qaçdı, qaçdı... Axır bir gün özü xəbər oldu. Özünün son xəbəri.
İndi bu yoxluğun şəkilli xəbərini eşidən-bilən, bu fotonun başına toplaşıb, bircə cümlə qurur: "Allah rəhmət eləsin!" Mən də qurdum bu cümləni. Sən demə, qələm adamı əslində nə qədər çox danışır-danışsın, nə qədər çox çəkir-çəksin, nə qədər çox yazır-yazsın, bu dünyada özündən sonra cəmi-cümlətanı bircə cümlə qoyub gedirmiş!
...Bir gün bir cızmaqaramı oxuyub zarafatla yazmışdı: "Biz cavanlara master-klass keçirsiniz". Mən də zarafatla soruşdum ki, "o qədər qocalmışam?" Gülüş işarəsi atdı. Mən bu təbəssümü özümə sərf edən məzmunda yozdum: "Yox, Siz qocalmamısınız, biz cavan qalmışıq yəqin".
Bəlkə də onun özünü öz yaşından da cavan hiss etməsini hiss etmək istəmişdi şüuraltım. Hərçənd onda canı ilə əlləşən vaxtı başlamışdı. Öz yaşından daha yaşlı görünürdü artıq. Ya da mən özümün yaşımdan cavan qalmağımı bir başqa birinin göz "notariatında" təsdiqlətmək istəmişdim. Elə isə çox eqoistəmmiş o anda!
Sizə bir şey deyim?!
Biz elə bilirik, qocalanda istirahət etmək lazımdır. Adam düşündü ki, nə qədər cavandır, qaçsın, bədəninin resurslarını sərf etsin. Neynək, yaşlananda ayaqlarımızı uzadıb dincələn vaxtımız da çox olacaq. Amma əfsus! Bir də ayılıb gördü ki, nə yaşlanmağa vaxtı qalıb, nə də uzadıb dincəltməyə bir ayağı var. Ömrü boyu xəbər dalınca qaçan ayaqları xəbər olmuşdu manşetlərə. İndi də özü.
Əlinə təzəcə qələm alan cavanlar onun yolu ilə getsin, ancaq onun yolunu getməsin: qocalmağı gözləmədən elə cavan yaşlarda dincəlmək lazımdır, orqanizmin ehtiyatlarını gənc dövründə mümkün qədər ehtiyatla və insafla xərcləmək gərək. Yaşlananda ayaqlarımızı uzadıb dincələcəyimizə arxayın olmayaq. Yaşlanmağa vaxtımız, dincəltməyə ayaqlarımız qalmaya bilər. Bu da Səbuhinin adından cavanlara bir qoca məsləhəti olsun. Qocalmağa fürsəti olmamış, yaşlanmağa yaşı çatmamış Səbuhinin məsləhəti. Müəlliflik hüququmu halal edirəm.
...Yoxluğunun üzüntüsü çoxdur, bəli. Bizimlə bir dönəmdə yaşasa da, özü özlüyündə ayrıca bir dönəm olan insanların yoxluğu üzücü bir boşluqdur bu dünyada. Amma...
Düzü, daşımağa layiq olmadığı taledən, dözməyə qadir olmadığı ağrılardan qurtulmasına sevinmək də istəyirsən bir yerdə. Bəlkə də bir az amansız alındı bu cümlə. Ancaq elə bilirəm cümlə-camaatın içindən keçən bir hissdir. Hətta bir məsləkdaşımız onu dilə gətirib, yazıb, paylaşıb da.
Varlığını sevdiyimiz - varlığına sevindiyimiz adamın yoxluğuna da ürəkdən üzülərək ürkəkcə sevinmək?! Bu da varmış qismətində. Ya da bizim qismətimizdə.
İndi nə deyim?! Hansı cümləni qurum?! "Yaşamağa gecikdi" deyim, ya "əcəlinə tələsdi" deyim?! Biri bəlkə də anlamsız olar. O biri də çox amansız olar. Qoy elə birincisini deyim. Bir azca anlamsız olursa da, olsun. Təki çox amansız olmayım. Hərçənd istəsəm də Səbuhini bizdən alan fələk qədər amansız ola bilmərəm...
Bahəddin Həzi, Bizimyol.infoскачать dle 12.1