Bia.Az

Yol çuxurlarında, kiçik su hövzələrində yığılmış çirkli suyu piyadaların üzərinə sıçratmağın cəzası var...

Cəmiyyət
 15-01-2024, 18:26     286

Yeni ilin ilk qarı özü ilə birlikdə sevinc gətirsə də, daha sonra əriyib, suya, palçığa, bataqlığa çevrilən qar suyu piyada hərəkət edən insanlar üçün ciddi problemə çevrilir. Bundan əlavə, bəzi avtomobil sürücüləri bəzən bilməyərəkdən, bəzən də əyləncə məqsədilə, qəsdən həmin su hövzələrində yığılmış çirkli suyu piyadaların üzərinə sıçratmaq üçün qəsdən avtomobilini həmin gölməçəyə salır. Mənəvi dəyərlərinin çatışmazlığı bəzi insanlarda belə şüursuz hərəkətlərin meydana gəlməsinə səbəb olsa da, Daxili İşlər Nazirliyi (DİN) bu məsələ ilə əlaqədar qanuna müvafiq tədbirlər görür. Belə ki, piyadalar üçün ayrılmış səki ilə hərəkət edən insanların üzərinə avtomobillə su sıçradan şəxslər 40 manat məbləğində cərimələnir. Nəzərdə tutulan bu cəza tədbiri haqda məlumatsız olan vətəndaşlar onun yeni qanun olduğunu düşünsələr də, məsələ belə deyil.Mövzu ilə əlaqədar Dövlət Yol Polisinin (DYP) baş inspektoru Araz Əsgərli Bizimyol.info xəbər portalına bildirib ki, həmin şəxslərə qarşı nəzərdə tutulmuş məbləğdə cərimə tətbiq edilməsi yeni qanun, tədbir deyil.

"Piyadaların üzərinə su sıçradılması ilə bağlı xüsusi məqam var ki, gərək vətəndaşın özü bu haqda polis əməkdaşlarına məlumat versin. Yəni bu, elə bir haldır ki, ola bilsin, heç sürücü bunu bilərəkdən etmək istəməyib və avtomobil qəfil çuxura düşüb, su sıçrayıb və kimlərsə də bunu şikayət səbəbi kimi görsün. İnsanlıq halı kimi bu, təsadüfən ola bilən bir hadisədir. Ancaq bunu məqsədli şəkildə edən sürücülərə qarşı nəzərdə tutulan həmin tədbir yeni deyil və illərdir qanunvericilikdə var. Sadəcə müəyyən zamanlarda tətbiq edildiyinə görə, vətəndaşlar bunu yeni zənn edirlər.

Bir daha qeyd etmək lazımdır ki, ərazidə polis əməkdaşı olmadığı təqdirdə və belə bir hal bilərəkdən törədildikdə, vətəndaş özü polisi bu haqda məlumatlandırıb, öz şikayətini edə bilər. Bu tədbir digər yol hərəkəti qaydalarının pozulması üçün nəzərdə tutulan tədbirlərdən bir qədər fərqlidir. İnzibati Xətalar Məcəlləsində (İXM) elə maddələr var ki, onlar çox işləkdirlər və vətəndaşlar bunlarla tez-tez rastlaşa bilir. Elə maddələr də var ki, uzun illərdir mövcuddur, sadəcə olaraq, müəyyən dövrün uyğun məqamları ortaya çıxanda tətbiq edilir. Bu zaman hamı onun yeni olduğunu düşünsə də, yeni deyil. Bu tədbir İXM-də 20 ildir ki, mövcuddur" - deyə, DYP rəsmisi bildirib.скачать dle 12.1