Bia.Az

Jurnalist xanım AYNA-nın rəhbərliyinə SƏSLƏNDİ: "Əgər şəffaflıqdan danışırıqsa, buyurun, rüblük hesabatınızla bizi də tanış edin"

Cəmiyyət
 19-01-2024, 12:23     389

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qanun pozuntularından dəfələrlə yazmışam. Amma nə agentlikdən, nə də nazirlikdən heç bir cavab, heç bir reaksiya olmayıb. Bəzən yazdıqlarıma ağız büzənlər, inanmayanlar da olurdu. Amma mən haqqı tapdananları yarı yolda qoya bilməzdim. İndi deyəsən bəzi həmkarlarım da AYNA-nın əyriliyini hiss ediblər. Səsimə səs verənlərdən biri "Azərbaycan" qəzetidir. Sağ olsunlar, problemləri ətraflı şəkildə göstəriblər. 

Başqa xəbər saytları da Anar Rzayevin rəhbəri olduğu bu agentliyin yeyintilərindən, özbaşınalığından söz açıblar. Xüsusilə də AYNA-nın tərkibindəki "Azparking" MMC-nin soyğunçuluğundan. Doğrudan da bu parkinq məsələsi əməlli-başlı başağrısı olub. Bir müddət parkinq qurğuları qoyuldu. Sonra yoxa çıxdı. İndi yenidən parkinq aparatları quraşdırılıb. Amma nəzarət hər yerdə eyni cür deyil. Çox yerdə gədə-güdələr istədikləri qiyməti oxuyub adamın üzünə dururlar.

İqtisadçı ekspert Natiq Cəfərli də sosial şəbəkə hesabında nəqliyyat parklanması ilə bağlı yazıb. AYNA-ya ünvanlı suallar verib. Nəhayət, agentliyin mətbuat katibi Tural Orucov parkinq məsələsi ilə bağlı açıqlama verib. Açıqlamasında qeyd edib ki, yığılan vəsait həm də işçilərin sosial rifahı üçün xərclənir...

Mən AYNA-nın bir çox işçisi ilə ünsiyyətdə olub Tural Orucovun dediklərinin doğru olub-olmadığını soruşmuşam .Bunun belə olmadığını bildirdilər. Mən də buradan Tural Orucova müraciət edirəm ki, əgər həqiqətən siz dediyiniz kimidirsə, onda bunu rəqəmlərlə, sənədlərlə ictimaiyyətə, mediaya açıqlayın. Xatırladıram ki, istinad etdiyiniz “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası”nın 3.1.-ci maddəsinə görə "Vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, Nazirlik tərəfindən, Bakı şəhərinin inzibati ərazisi üzrə isə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir. "Əgər şəffaflıqdan danışırıqsa, buyurun, rüblük hesabatınızla bizi də tanış edin. Görək işçilərin sosial rifahını nə dərəcədə təmin etmisiniz.

Sima BABAYEVA,
BİA.az







скачать dle 12.1