Cənab nazir! Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov hansı dövlətin qanunları ilə işləyir?

Cənab nazir! Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov hansı dövlətin qanunları ilə işləyir?
Şikayətçilər deyir ki, Aydın müəllim bizim qayda-qanuna qəti əməl etmir.
Əməl etsəydi, ali təhsili olmayan adamları tabeliyindəki müəssisələrə vəzifələrə düzməzdi.
Məsələn, Mingəçevir şəhərində yerləşən şəhid Fəxrəddin Qasımov adına Uşaq İncəsənət Məktəbinin direktoru Esmira Salamova ali məktəb bitirməyib. Orta ixtisas təhsili alıb, kollec qurtarıb.
Halbuki Baş nazir və Mədəniyyət nazirinin qərarlarına əsasən ali təhsil diplomu olmayan rəhbər postu tuta bilməz.
Ancaq Aydın Bəşirov üçün bütün bu qərarlar keçərli deyil.
Şikayətçi bildirir ki, Esmira Salamova yuxarıda adı çəkilən məktəbə direktor keçmək üçün 25 min, yerində qalmaq üçün 10 min manat verərək kreslosunu möhkəmlədib. Bu qədər pulu ödəyəndən sonra özünü məktəbdə hakimi-mütləq sayır.
Verdiyi pulları çıxartmaq üçün Esmira Salamova az qala salamı da rüşvətlə alıb-verməyə başlayıb.
Başa düşmək olmur, ali təhsili olmayan necə olur məktəbdə müdir işləyə bilir?
Bəs nazirlikdən gələn yoxlamalar necə olub ki, bunu aşkar etməyiblər?
Nəyə görə bu məktəbin direktor ştatı vakansiyaya çıxarılmır?
Nədir, kimdir buna mane olan?
Şəhid adını daşıyan, uşaqlar üçün nəzərdə tutulmuş bir məktəbdə baş verən özbaşınalığa kim son qoyacaq?
Kimin kefi necə istədi pulunu alıb işə düzəldirsə, onda dövlətin qanunları kimin üçündür?
Belə çıxır, kimin əli bir az gətirsə, bir az artıq pulu olsa, gedib Aydın Bəşirov kimisinə pulunu verib, istədiyi kürsüdə otura bilər.
Bəs tədris metodikası, təhsilin keyfiyyəti, uşaq psixoligiyasını bilmək, pedaqoji biliklər? Bunlar lazım deyil?
Bu suallara kim cavab verəcək?
Sima BABAYEVA.