Bia.Az

Şarlatan nə deməkdir

Cəmiyyət
 8-01-2024, 21:54     160

Adətən, hökumətlərin pula daim ehtiyacı olur və dövlətlə bölüşmək istəməyən insanların əlindən pullarını almaq üçün üsullar axtarılır. Hətta yaxşı təşkil olunmuş vergiyığma sisteminin işlədiyi müasir dövrdə belə, sabun köpüyü kimi tez yoxa çıxan dövlət lotereyası yolu ilə insanlardan daha çox pul qoparma cəhdlərinə baş vurulur. Maliyyə sisteminin hələ yeni-yeni yaranmağa başladığı qədim dövr və orta əsrlərdə pul tədavülü tez-tez ciddi böhranla üz-üzə qalırdı. Orta əsrlər kilsəsi özünəməxsus dövlət lotereyası variantına malik idi. Dövlət büdcəsinə kifayət qədər pul yığılmayanda kilsə vaxtaşırı olaraq indulgensiya* satışına göstəriş verirdi. Kilsəyə ianə verən hər bir kəsin günahından keçilirdi. Bunda bir məntiq var idi, çünki kilsəyə ianə vermək nəcib iş sayıldığından əvəzində bunu edən şəxs mükafatlandırılmağa layiq idi. Ancaq indulgensiya satışı ilə məşğul olan adamlar, əsasən, kasıb, öldükdən sonra göylərə düşmək istəyən savadsız insanlardan mümküm qədər çox pul qoparmağa çalışırdılar. Məhz indulgensiya satanlardan birinin bu cür çirkin fəaliyyəti sonda Reformasiya* ilə nəticələndi.

İtalyanlar hansısa səbəbdən indulgensiya satanları Romadan 90 mil şimalda yerləşən Çerreto kəndinin adı ilə çerretano adlandırmağa başladılar. Ola bilsin, buna səbəb bədnam indulgensiya satanlardan birinin əslən buralı olması, bəlkə də, kənd sakinlərinin fəal şəkildə ticarət etmələri idi. Ticarətçilərin isə dilli-dilavər olması sonda ”çerretano”sözünün tədricən italyan dilində boşboğaz mənasını verən “şarlatano”ya çevrilməsinə gətirib çıxardı.

İngilis dilində bu söz (“charlatou”) ilk vaxtlar yalnız çoxdanışan tacirlərə deyilirdi. Şarlatanlar çox zaman saxta dərmanlar satır və özlərini tibb sahəsində dərin biliklərə malik adamlar kimi aparırdılar. Amma əslində belə deyildi. Bundan sonra yalançı bilikləri və bacarıqları ilə lovğalanan istənilən adama şarlatan deyilməyə başlandı.

Indulgensiya*- Günahların bağışlanması haqqında Roma papası adından pul ilə verilən fərman

Reformasiya* — Katolik kilsəsinə və papa hakimiyyətinə qarşı dini mübarizə şəklində cərəyan edən hərəkat

Ayzek Azimovскачать dle 12.1