Bia.Az

"İynə atsan yerə düşməz" mənzərəli paytaxt... Tıxacda "başını itirmiş" Bakının nağıla bənzəyən Baş Planı...

Cəmiyyət
 8-01-2024, 18:46     177

Bakının dəyişməyə ehtiyacı var. Ölkə əhalisinin yarısı paytaxtda yaşamalı deyil. İctimai nəqliyyat belə bərbad gündə ola bilməz. Yaşıllığın azlığı hamının orqanizminə zərər vurur. Tıxac Bakıda həyatı yaşanmaz hala gətirib. Çox amilləri sadalamaq olar. Paytaxtda həyat belə davam etməməlidir.

Bizimyol.info xəbər verir ki, Bakı şəhərinin Baş Planı ictimaiyyətə təqdim olunub. Burada 2040-cı ilə qədər xeyli yenilik diqqət çəkir. Məsələn, metro stansiyalarının sayının 46-ya çatdırılacağı gözlənilir. Xırdalana, Ağ şəhərə, Yeni Günəşliyə, Bakıxanova, Qaraçuxura metro çəkilməsi planlaşdırılır. Tramvay və metrobus kimi ictimai nəqliyyat növləri yaradılacaq. Şəhərin mərkəzindəki neft-kimya müəssisələrinin Səngəçala və Ələtə köçürülməsi nəzərdə tutulub. Bir neçə universitet ixtisaslaşmış vahid şəhərcikdə yerləşdiriləcək. Universitetlərdən birinin tamamilə yeni yerə köçürüləcəyi düşünülüb.


Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında yerləşdirilib. Burada xüsusi izah verməyə də ehtiyac duyulub. Baş Planı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Almaniyanın “AS+P Albert Speer+Partneer GMBH” şirkəti hazırlayıb. Layihə qrafika və mətn hissədən ibarət olmaqla 226 səhifəni əhatə edir. Burada əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək iki mərhələdən danışılır. Layihəyə təxminən 93,5 milyard manatın xərclənəcəyi məlumdur. Məbləğin 60,5 milyard manatı birbaşa və ya dolayısıyla dövlət maliyyə mənbələri, qalanı isə özəl mənbələr hesabına qarşılanacaq. Prosesə Şəhərsalma Komitəsi və yeni yaradılmış Azərbaycan İnkişaf Korporasiyası nəzarət edəcək.


Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı layihənin əleyhinə deyil. Amma mütəxəssis qaranlıq məqamların az olmadığını düşünür. Məsələn, Almaniyada fəaliyyət göstərən şirkətin məhz dövlət büdcəsinə güvənməsi ekspertə şübhəli görünür.


“Adam burada bir azərbaycanlı barmağının olmasından şübhələnir. Təki şübhələrimizdə yanılaq. Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, avtomobilləşmənin təşviqi, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan rəqəmlər reallaşarsa, ümid edirəm ki, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaq. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kvadratmetrdən cəmi 1,2 kvadratmetr artımla 2040-cı ildə 24,8-də dayanmazdı. Ən maraqlısə və layihənin ilkin mərhələsi üçün nəzərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 hektarlıq sənaye ərazisinin yenidən qurulması və Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə “Ulduz” tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 hektarlıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır…”


Bakının Baş Planı sosial mediada da çox müzakirə olunur. Ümidlə yanaşanlar az deyil. Amma əksəriyyət nikbin görünmür. Ümumi fikir belədir ki, yeni yeyinti yeri yaranıb. İnsanların hökumətə inamının olmaması aşkar sezilir. Sanki yazılanlar da nağıla bənzəyir. Məsələn, əvvəlki vədlərə inansaq, gərək çoxdan Yeni Günəşlidə metro görərdik. Digər yandan layihənin maliyyələşməsi də asan deyil. Bu ildən neft gəlirləri kəskin azalır. Gələcək Azərbaycan bahalı layihələri çiyinlərinə götürməyə çətinlik çəkəcək.

скачать dle 12.1