Bia.Az

Azərbaycanda təhsilin müddəti uzadıla bilər: Nazirin anonsu nə vəd edir? – AKTUAL

Cəmiyyət
 7-01-2024, 20:43     208

Azərbaycanda təhsil müəssisələrində təhsil müddəti uzadıla bilər. Bu günlərdə Elm və təhsil naziri Emin Əmrullayev mətbuata müsahibəsində bildirib ki, təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir: “Elmi tədqiqatların nəticəsinə görə, tədris müddətinin çox olması akademik göstəricələrə müsbət təsir edir. Bura məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi də aiddir. Azərbaycan ictimaiyyəti tədris müddətinin artırılması məsələsini müzakirə etməlidir. Amma onu da təəssüflə demək lazımdır ki, mediada aparılan monitorinqlərin nətisinə görə, ölkəmizdə ictimai müzakirənin keyfiyyətində də problem var”.

Təhsil müddətiin uzadılması ilə bağlı nazirin açıqlaması isə birmənalı qarşılanmır. Təhsil müddətinin uzadılmasının şagirdlərin dərs yükünü azaldacağını düşünənlər də var, bunun şagirdlər üçün əlavə yük olacağını fikirləşənlər də…

Məktəblərdə buraxılış sinifləri repetitor hazırlığına müraciət etdiyi üçün bu qərarın təhsilin keyfiyyətinə təsir edəcəyinə inam azdır.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilin müddətinin müəyyənləşməsi pedoqogikanın zəruri problemlərindən biridir. Əsasən ibtidai sinifdə tədris müddətinin artırılmasına ehtiyac var:
“Təhsil müddətinin artırılmasını yuxarı siniflərdə deyil, aşağı siniflərdən düşünmək lazımdır. Şagirdlərin məktəblərə qəbulu hazırda 6 yaşdandırsa, gələcəkdə 5 yaşdan olacaq. Bu, təhsil müddətinin artırılması deməkdir. Nəticədə valideynlərin işləmə imkanları yaranacaq. Çünki, problemlərdən biri odur ki, valideynlər məktəb, bağça olmadığına görə işləyə bilmirlər”.
K.Əsədov deyir ki, 12 illik təhsil valideynlərin maddi yükünü artırmır, əksinə azalda bilər. Belə ki, əmək qabiliyyətli valideynlər məktəb, bağça olsa, işləyə biləcəklər. Yəni təhsil müddətinin uzadılması valideylərin məşğulluq probleminə də öz təsirini göstərəcək.
Ekspertin fikrincə, hazırda ibtidai sinif dərslikləri ağırdır. 4 illik ibtidai təhsil dövründə şagirdlərə daha çox informasiya verilir. Ancaq ibtidai təhsil müddəti 5 il olarsa, dərsliklərin yükü azalacaq. Həmin informasiya siniflər arasında bölünəcək.
Həmsöhbətimiz onu da deyir ki, dünyanın müxtəlif ölkələrində 10-11-12, hətta 14 illik təhsil müddəti mövcuddur. Onun sözlərinə görə, tədqiqatlar zamanı dünyada 12 illik təhsil sistemindən daha çox istifadə olunduğu məlum olub: “Azərbaycanda sovet dövründə 10 illik təhsil sistemi mövcud olub. Sonra isə 11 illik təhsil sisteminə keçildi. 2013-cü ildə qəbul edilən “Təhsilin inkişafı üzdə Dövlət Strategiyası” və İqtisadi İnkişaf Təşkilatının məlumatları ölkəmizdə mütləq şəkildə 12 illik təhsilə keçilməsini zəruri edir”.
K.Əsədov onu da əlavə edib ki, 12 illik təhsil sistemi dünya standartlarına uyğundur. Belə ki, hazırda Azərbaycanda xaricə təhsil almağa gedən tələbələr 11 illik təhsil aldıqları üçün onların təhsili tam orta təhsil sayılmır.
скачать dle 12.1