Bia.Az

Şəhid ailəsi Gəncənin icra başçısından GİLEY EDİR - “Gəlib görsünlər ki...”

Cəmiyyət
 7-01-2024, 16:33     193

Yanvarın 4-də Laçın rayonunda dağlıq ərazidə baş vermiş yol qəzasında həlak olan iki hərbçidən biri – Həsən İsmayılovun ailə üzvləri biganəlikdən gileylənir. Deyirlər ki, yaşadıqları Gəncə şəhərinin icra başçısı Niyazi Bayramov və digər yüksək vəzifəli şəxslər onlara layiq olduqları münasibəti göstərmir.

“Allahın bir əklilini o uşağın məzarına qoymayıblar”

Həsən İsmayılovun bacısı Elza Əmirova Meydan TV-yə danışır ki, qardaşına şəhid statusu verilib, Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub:

“Amma şəhidin layiq olduğu ehtiramı, münasibəti görmürük. İcra başçısı görüntü xatirinə gətirib bayrağı atama verib, çıxıb gedib. Nə bir yas mağarına gəlib, nə ailə ilə maraqlanıblar. Allahın bir əklilini də o uşağın məzarının üstünə qoymayıblar. Heç məzarının başında bayraq da yoxdur. Öz hesabımıza şəklini çıxartdırmışdıq, məzarının üstünə də onu qoyublar, vəssalam. Adətən şəhidləri kortejlə son mənzilə yola salırlar. Mənim qardaşıma bunu da eləmədilər. Dəfn mərasimində 4 bayraq vardı. Onu da qazi Kamal alıb aparmışdı…”.

“Gəlib görsünlər ki, şəhidin evi nə gündədir”

28 yaşlı Həsən İsmayılovun 5 bacının tək qardaşı olduğunu deyən Elza Əmirovanın sözlərinə görə, qardaşının iki azyaşlı övladı qalıb. Uşaqlardan birinin 4, digərinin 1 yaşı var. Elza Əmirova deyir ki, ailənin maddi durumu ağırdır, hətta ehsan verməkdə də çətinlik çəkirlər:

“11 il idi ki, xidmət edirdi. Həm 2020-ci ildə 44 günlük müharibənin, həm də 2023-cü ildə anti-terror əməliyyatlarının iştirakçısı olub. Qardaşım kəşfiyyatçı idi. Gəlib görsünlər ki, şəhidin evi nə gündədir. Şəhid olub, yas yerinə gəlib-gedən çoxdur. Ehsan verməyə imkanımız yoxdur. İcra başçısı, onun ətrafındakıları maraqlandırmır ki, bu ailə nə vəziyyətdədir? Dövlət başçısı büdcə ayırıb, amma əhəmiyyət verilmir. Dövlət uğrunda gedən adama belə münasibət yaraşarmı?!”.

Elza Əmirova bildirir ki, bununla bağlı iradlarını Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinə də çatdırıblar. Cavabında bildirilib ki, bayramla əlaqədar qeyri-iş günüdür, bu üzdən heç bir addım ata bilmirlər.

“Deyirlər ki, “bayran günləri olduğuna görə xəzinə bağlıdır, heç nə eləyə bilmərik, bayram bitəndən sonra maraqlanacağıq”. Şəhidə çatan bir ehsandır, onu da vaxtında eləmirsinizsə, sonra maraqlanmağı neynirik?! Bayram günlərində gül dükanı bağlı deyildi ki. Bir əklil də düzəltdirə bilmirdiniz?”, – Elza Əmirova əlavə edib.

Azərbaycanda yanvarın 7-nə qədər qeyri-iş günləri olduğuna görə Həsən İsmayılovun ailə üzvlərinin iddialarına Gəncə Şəhər İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Yanvarın 4-də Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən İsmayılov və Səxavət Axundov həlak olub.

Xaçmaz rayonunun Sayad kəndində doğulub-böyüyən Səxavət Axundov 2022-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. Onun ilyarımlıq hərbi xidməti 2024-cü ilin aprelində başa çatacaqdı.скачать dle 12.1