Bia.Az

Elşad Abdullayevin Sərkisyanın qohumu ilə iş birliyində olması iddia edilir - SENSASİON SƏNƏDLƏR

Cəmiyyət
 7-01-2024, 15:31     172

Beynəlxalq Universitetin sabiq rektoru, Fransada məskunlaşan Elşad Abdullayevin oğlunun və özünün ermənilərlə iş birliyində olması ilə bağlı yenidən məlumatlar yayılıb. Yayılan məlumatda iddia olunur ki, Elşad Abdullayevin oğlu, Rusiya Federasiyasında yaşayan və biznes fəaliyyəti ilə məşğul olan Elşən Abdullayevin Ermənistanın keçmiş Prezidenti Serj Sərkisyanın yaxın qohumu Susanna, eləcə də sözügedən ölkənin Rusiyadakı sabiq səfiri Qarik Meliksetyan ilə ticarət əlaqələri mövcuddur.

İddia olunur ki, E.Abdullayev ötən müddətdə Susanna ilə birgə Azərbaycanın işğal olunmuş ərazilərində torpaq sahələrinin alqı-satqısı ilə məşğul olublar. Bununla əlaqədar, E.Abdullayev tərəfindən 2014-cü ildə qarşı tərəfə 4.500.000 (dörd milyon beş yüz min) rubl məbləğində pul vəsaiti ödədiyinə dair notarial qaydada müqavilə bağlanıb.

Qeyd olunanlarla bağlı yayılan sənədləri aşağıda təqdim edəcəyik.

Ondan öncə xatırladaq ki, Elşad Abdullayevin adı uzun müddətdir ki, bu məsələdə hallanır. Onun ermənilərlə biznes əlaqələri barəsində ölkə mediasında məqalələr hələ 7 il öncə dərc edilib. Ancaq o zaman irəli sürülən iddialara dair sənədlərin fotosu yayılmayıb.

2017-ci ildə moderator.az saytında verilən yazıda qeyd olunub ki, Elşən Abdullayevlə Bakıda doğulmuş, erməni əsilli Şaxramanova Susanna Şaqenova arasında imzalanmış bir neçə müqavilə sənədləri üzə çıxıb.

Sayt yazır: “Sənədlərdə qeyd olunur ki, 1987-ci il təvəllüdlü Abdullayev Elşən Elşad oğlu ona məxsus Moskva şəhəri, Lenin rayonunda yerləşən obyekti Şaxramanova Susanna Şaqenovaya arendaya verir. Müqavilənin müddəti 10 aprel 2015-ci ildən 2017-ci ilin aprelinə qədər nəzərdə tutulub. Müqaviləyə əsasən 225,5 kvm olan obyektə görə qarşı tərəf ayda 50 000 rubl (təxminən 1500 manat) ödəyəcək@.

Həmin zaman Elşad Abdullayev məsələ ilə bağlı Musavat.com-a açıqlama verib. Açıqlamasında Abdullayev belə bir əlaqələrinin olmadığını bildirib:

“Bizim ermənilərlə iş birliyində olmağımız haqqında məlumatlar həqiqətə uyğun deyil. Biz heç bir erməni ilə iş birliyində olmamışıq, mən özümə bəraət qazandıran insan deyiləm də. Bizim alnımız açıq, üzümüz də ağdır”.

E.Abdullayev yayılan sənədlərdə adı çəkilən erməni əslli Susanna Şaxramanova haqda bunları deyib:

“Əvvəla, biz Bakıda doğulmuş Şaxramanova Susanna Şaqenova ilə işbirliyində olmamışıq, onu tanımıram da. Bu səbəbdən də mən Moskvada olan hüquqi nümayəndəmdən xahiş etdim ki, həmin şəxs haqqında mənə yazılı məlumat versin. O da mənə onun rus dilində əl yazması şəkilində bəyanatını göndərdi. Şaxramanova Susanna bəyan edib ki, Elşad Abdullayevlə biznesi yoxdur, məni tanımır, heç bir vaxt görməyib və Rusiya Federasiyasında heç bir biznes əlaqəsi yoxdur. Onu da bildirib ki, kommersiya məsələləri üzrə yeganə əlaqə saxladığı azərbaycanlı şəxs Fuad Rzayevdir”.

İndi isə sözügedən məsələ ilə bağlı sənədlər və müqavilələr yayılıb. Həmin müqavilələrə əsasən əlaqələrin mövcudluğu iddia olunur.

Onları təqdim edirik:

Elşad Abdullayevin Sərkisyanın qohumu ilə iş birliyində olması iddia edilir
Elşad Abdullayevin Sərkisyanın qohumu ilə iş birliyində olması iddia edilir
Elşad Abdullayevin Sərkisyanın qohumu ilə iş birliyində olması iddia edilir

Onu da qeyd edək ki, məsələ ilə bağlı yenə də qarşı tərəfi dinləyib, mövqeyini dərc etməyə hazırıq.

Qafar Səfərli,
Musavat.com
скачать dle 12.1