Bia.Az

Solmaz Tohidi: Cənab Prezidentə "Rəsulzadə ev muzeyi İctimai Qrupu" adından dərin minnətdarlığımızı bildiririk

Cəmiyyət
 2-01-2024, 19:14     207

Azərbaycan Dövlətçiliyinin tarixində  möhtəşəm hadisələrlə zəngin 2023-cü ilin son günləri bu dövlətçiliyin qurucusu ilə bağlı çox mühüm və sevindirici bir xəbərlə başa çatdı. Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev Azərbaycan Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, İstiqlal məfkurəsi və Azərbaycançılıq ideologiyasının banisi, görkəmli ictimai-siyasi xadim, jurnalist, publisist, yazıçı və alim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzaladı. Bu cümlələr "Rəsulzadə ev muzeyi" İctimai Qrupu və "Rəsulzadə-140" yubiley Təşkilat Komitəsi adından yayılan bəyanatda vurğulanıb. 

Sherg.az xəbər verir ki, tarixçi-alim, professor Solmaz Tohidi bildirib ki, bu Sərəncam sıradan bir sənəd olmayıb Azərbaycanda dövlətçilik və varislik ənənələrinin ən yüksək səviyyədə  qorunduğunun və dəyərləndiyinin bariz nümunəsidir:

 "Sərəncamın yerinə yetirilməsinin üç mühüm dövlət strukturuna - Mədəniyyət nazirliyi, Elm və Təhsil nazirliyi və Milli Elmlər Akademiyasına həvalə edilməsi yubiley tədbirlərinin ən yüksək - dövlət səviyyəsində keçiriləcəyinin təminatıdır. Bir Dövlət Adamına Dövlət adından, Dövlət başçısı tərəfindən verilən yüksək dəyərin nümayişidir. Azərbaycan Cəmiyyətinin  gözlədiyi bu Dəyər və Sənədə görə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə "Rəsulzadə ev muzeyi İctimai Qrupu" adından dərin minnətdarlığımızı  bildiririk. İctimai Qrupumuz yaranandan bəri  Rəsulzadə və onun Cümhuriyyətçi  həmməsləkləri qarşısında Dövləti olan Xalq və Millət  kimi borcumuzu qaytarmaq, Məhəmməd Əmin bəyin adını əbədiləşdirmək, zəngin yazılı irsini yeni müstəvidə, beynəlxalq  səviyyədə, sistemli şəkildə araşdırmaq kimi vəzifələr qoymuşdur. Bu Prezident  Sərəncamı   İctimai Qrupumuzun  101 nəfərlik təsisçilər özəyində  -  tanınmış ziyalılar, elm, sənət və mədəniyyət  xadimləri, media, diaspor və gənclər təşkilatlarının rəhbərləri, eləcə də minlərlə tərəfdarlarımızda  həmin vəzifələrin yerinə yetiriləcəyinə əminlik yaradır. Ümidlərin Əminliyə çevrilməsi böyük sevinc, qürur, rahatlıq və ruh verici hadisədir. Rəsulzadənin yubileyi ilə bağlı istəklərimizi bölüşdüyümüz,  məsləhətləşdiyimiz hər kəsə, bizləri qəbul edən, müraciətlərimizi dinləyən, diqqət göstərən  Azərbaycan insanlarına təşəkkür etməklə yanaşı inanırıq ki, Prezidentin sərəncamını yerinə yetirəcək dövlət qurumları, məmurlar, elmi müəssisələr bu işə sözün əsl mənasında məsuliyyətlə yanaşacaqlar. İlk növbədə onun adının və xatirəsinin əbədiləşdirilməsi sahəsində real addımlar atılacaqdır. Yubiley tədbirləri səmərəliliyi və səmimiliyi ilə yadda qalacaq".

Alim əlavə edib ki, “Rəsulzadə ev muzeyi” İctimai Qrupu olmaqla bu yubileyə əslində iki il əvvəldən, 2022-ci il 31 yanvar tarixində – Rəsulzadənin 138-ci ildönümündə  “I Beynəlxalq Rəsulzadə qiraətləri. M.Ə.Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” kitabının təqdimatından dərhal sonra hazırlaşmağa başlayıblar: "Çünki məqalələr, sənədlər, kolleksiyalar toplusunun ərsəyə gəlməsi təcrübəsindən bu işin nə qədər vaxt və zəhmət tələb etdiyi artıq məlum idi. İndi budur, “II Beynəlxalq Rəsulzadə Qiraətləri”... kitabı artıq nəşr prosesindədir və yəqin ki, yubiley günlərində geniş ictimaiyyətə təqdim olunacaq. Həmin hadisəni yaxınlaşdıran bu bir ay ərzində isə mən, kitabın naşiri və redaktoru olmaqla sizləri günbəgün Rəsulzadəyə həsr olunmuş bu möhtəşəm kitab haqqında məlumatlandırmağa çalışacağam. “Möhtəşəm” sözü qoy sizi heyrətləndirməsin. Bu qiymət Rəsulzadənin həqiqətən möhtəşəm irsinə aiddir və kitabdakı elmi məqalələr, sənədlər, bədii-publisistik yazılarla tanış olduqca, onların həm geniş mövzu dairəsi, toxunulan məsələlərin qoyuluşu, həm də müəlliflərin tərkibi baxımından Rəsulzadənin əzm və qəhrəmanlıq təcəssümü olan həyat və fəaliyyətinin, eləcə də zəngin yazılı irsinin araşdırılması prosesinin sözün əsl mənasında yeni müstəviyə qədəm qoyduğunun, artıq sistemli şəkildə tədqiq edildiyinin şahidi olacaqsınız".
скачать dle 12.1