Bia.Az

Fuad müəllim, mən Şuşadan gəlirəm!

Cəmiyyət
 1-01-2024, 21:02     219

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə  regionlarda fəaliyyət göstərən media  nümayəndələrinin Şuşaya səfəri baş tutdu. Səfər çərçivəsində 100 nəfərdən artıq  media işçisi Şuşada Yuxarı Gövhərağa məscidi, Vaqifin məqbərəsi, Cıdır düzü, Xurşidbanu Natəvanın hələ ki bərpasını gözləyən, viran olmuş ev-muzeyi, Şuşa qalası, İsa bulağı və digər yerlərdə oldular.

Açığı, Şuşaya budəfəki, yəni 4-cü səfərimdən heç bir yazı, heç bir videoreportaj hazırlamaq niyyətim yox idi. Nədən ki, bundan əvvəlki 3 səfər zamanı diqqətim yalnız çəkilişdə olur, yaxud hansısa maraqlı detal olanda qeydlər aparır, fikrim  hazırlayacağım materialın yanında qalırdı. Ona görə də bu dəfə özümə söz verdim ki, Şuşada tamaşaçını, oxucunu yox, elə özümü düşünəcəyəm. O yerlərə kamera arxasından yox, öz gözlərimlə baxacağam, havasını doyunca ciyərlərimə çəkəcəyəm. Amma nə qədər yazmayacam desəm də, həm bəzi yoldaşlarım, həm anam təkid etdikdən sonra çox qısaca şəkildə, sadəcə məlumat xarakterli bir yazı hazırlamaq qərarına gəldim.
Şuşaya dalbadal səfərlərimi hər dəfə zarafatyana atmacalarla qarşılayan yoldaşlardan biri – Fuad Musayev bu dəfə zarafatdan daha çox narazılıq hiss etdirən səslə : “Ta noolub ey, imkan ver, bir dəfə də başqası getsin də” – dedi. Cavab verdim ki, yox ey, mən Şuşanı qışda görməmişəm, qoy qışda da gedim, daha ondan sonra dinclik tapacağam. Bəli, elə bu qış sevdası ilə qalın geyinib yola çıxdım. Amma Şuşada əməlli-başlı isti hava var idi. Özümlə götürdüyüm yun papağı, şərfi, əlcəyi çantada gizlətdim. Beləcə, gəzintiyə başladıq.
Səfər zamanı digər bölgələrdə yaşayan həmkarlarımı daha yaxından tanıdım, bəziləri ilə yenicə tanış oldum. Başqa vaxt bölgə mətbuatının bir az kölgədə qaldığından gileyli olan yoldaşlar Şuşada hər şeyi unutmuşdular. Burada bircə mövzu, bircə fikir, bircə hiss var idi – Biz Şuşadayıq! Onların əksəriyyəti danışdıqca, təəssüratlarını bölüşdükcə dodağım qaçırdı. Çünki ilk səfərimdə mən də eyni hissləri yaşamış, eyni həyəcanı keçirtmişdim. İndi buraya birinci dəfə gələnlərə baxanda mən bir az təcrübəli idim. Hələ yolboyu artıq əzbər bildiyim məkanlar haqqında böyrümdəki yoldaşlara məlumat verməyim, o yerləri əvvəlki və indiki vəziyyətlə müqayisə etməyim, verdiyim məlumatların həmsöhbətlərimə maraqlı gəldiyini hiss etməyim özümə də ləzzət edirdi. Gör a, artıq Şuşada bələdçilik etməyə başlamışam. Bir vaxtlar yatsam, yuxuma da girməzdi bu an. 
Media işçilərinin Şuşaya səfərinin daha önəmli tərəflərindən biri də bu idi ki, onların hamısı yaradıcı, necə deyərlər, əlində qələm  olan şəxslər idi. Təsəvvür edirsiniz, 100-dən artıq media nümayəndəsinin hərəsi bir yazı, yaxud videoreportaj hazırlasa, lap elə təkcə sosial şəbəkədə öz təəssüratını bölüşsə Şuşa haqqında nə qədər material ərsəyə gələcəkdir…
Yazını başlayanda qısaca yazacağımı desəm də, hiss edirəm ki, yazdıqca  artıq söhbət uzanacaq. Amma sözümüz sözdür. Qoy bu dəfə  Şuşada hiss etdiklərim özümdə qalsın. Əvvəlki geniş yazılarımı  “525-ci qəzet”in saytından tapıb oxumaq, videomaterialları isə “Aran Ağcabədi” internet televiziyasından izləmək mümkündür. Daha asan tapmaq üçün qeyd edim ki, həmin məqalələrin və eyniadlı videoreportajların adı “Mən Şuşadan gəlirəm” , “Mən yenə də Şuşadan gəlirəm”, “Ağcabədili şəhid ailələrinin Şuşa səfəri” idi.  Bu yazıma da  başlıq fikirləşərkən, yuxarıdakı gileyli atmaca yadıma düşür : “İmkan ver, bir dəfə də başqası getsin ”.  Hə, Fuad müəllim, mən demişdim Şuşanı qışda da görüm, daha getməyəcəm. Amma həmin gün Şuşada hava isti olduğu üçün oranın qışını görməmiş sayılıram. Ona görə də gələn dəfə Şuşaya səfər təşkil olunsa, özüm getməyəcəyimə söz vermirəm. İndi isə, hələ ki, 4-cü səfərimlə bağlı yazımın başlığını qeyd edim : “Fuad müəllim, mən  yenə də Şuşadan gəlirəm!”

 Məhsəti MUSA

скачать dle 12.1