Bia.Az

Jurnalist Prezidentə müraciət etdi: Muxtar Babayev meşələrin kütləvi məhv edilməsi barədə faktların yayılmasından hiddətlənib

Cəmiyyət
 31-12-2023, 12:01     238

AzToday.az saytının baş redaktoru Elmidar Əliyev Prezident İlham Əliyevə müraciət edib.

Jurnalist dövlət başçısına müraciətində təbiətimizə qənim kəsilən meşə mafiyasının qanunsuz əməllərini ifşa etdiyinə görə məhkəməyə verildiyini bildirir.

Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident!

AzToday.az saytında Azərbaycanın florasının məhv edilməsi, o cümlədən ölkənin cənubundakı meşələrdə ağacların kütləvi şəkildə qanunsuz olaraq kəsilməsi barədə faktların yayımlanması Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi çox hiddətləndirib. Belə ki, nazirin tapşırığı ilə 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov bu dəfə məni xüsusi ittiham qaydasında məhkəməyə verib.

Xatırladım ki, 2023-cü ilin noyabrın 27-də Lerik Rayon Məhkəməsinin qərarı ilə ekologiyaya vurulan ziyanla əlaqədar rəhbərlik etdiyim saytda yazılan məqalələri təkzib etməklə yanaşı, şəxsən 1500 manat cərimələnmişəm. Halbuki yayımlanan məqalələrin hər birində foto və video faktlar öz əksini tapmaqla bərabər şahid ifadələri də yer alıb. Buna baxmyaraq, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyov şəxsi maraqlarına görə ədalətli yanaşmamış, şahidlərin məhkəməyə gəlib ifadə verməsinə imkan tanımamışdır.

Məhkəmənin belə bir qərar qəbul etməsi hakim Atabəy Kiçibəyovun mənə qarşı qərəzli olmasından qaynaqlanır. Çünki Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun korrupsiya əməlləri ilə bağlı əsaslı şübhələrimi dəfələrlə mediada işıqlandırmışam və bununla bağlı Məhkəmə-Hüquq Şurasına da müraciətlər göndərmişəm. Təkcə bir faktı qeyd edim ki, Lerik Rayon Məhkəməsinin hakimi Atabəy Kiçibəyovun 4 nəfərin yaşının artırılması barədə çıxardığı qərarların Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunması barədə xəbər ilk dəfə AzToday.az saytında yayımlanmışdır. Bununla yanaşı, Atabəy Kiçibəyovun çıxardığı əsassız qərarlarla bağlı şikayət verib, növbəti məhkəmə instansiyalarında onların ləğvinə nail olmuşam.

Lerik Rayon Məhkəməsinin 2023-cü ilin noyabrın 27-də çıxardığı qərardan da 2024-cü ilin ilk iş günlərində apellyasiya şikayəti verəcəyəm. Apellyasiya Məhkəməsində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçilərinin şahid kimi dindirilməsi ilə yanaşı, direktorun və digər vəzifəli şəxslərin əməllərinə hüquqi qiymət verilməsini də tələb edəcəyəm. İnanıram ki, Apellyasiya Məhkəməsi hakim Atabəy Kiçibəyovdan fərqli olaraq prosesə obyektiv qiymət verəcək.

Onu da vurğulamaq istəyirəm ki, 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi şəkildə ağacların kəsilməsi ilə yanaşı, meşə ərazisinin ayrı-ayrı iş adamlarına və fərdi şəxslərə satılması faktları da mövcuddur. Bu ilin avqust ayında hüquq-mühafizə orqanları 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində əməliyyat keçirmişdir. Bütün bu məqamlar ilk dəfə Aztoday.az saytında yayımlanmışdır. Buna görə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və onun müavini Vüqar Kərimov meşələrdə baş verən ekoloji cinayətləri ictimailəşdirən saytı cəzalandırmaq və baş redaktoru həbs etdirmək istəyir.

Möhtərəm Prezident!

Sizin apardığınız xarici və daxili siyasət həmişə rəhbəri olduğum AzToday.az saytında təqdir olunub. Sizə qarşı olan məmurlar vəzifədə işləyən zamanlar belə saytda ifşa olunub. İndiyə kimi mənə qarşı edilən qanunsuz əməllərin hamısı Sizə etdiyim müraciətlərdən sonra dayandırılıb. Təkcə onu deməyi lazım bilirəm ki, Prezident Administrasiyasının vaxtilə mövcud olmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun məni həbs elətdirmək niyyəti Sizə etdiyim müraciətdən sonra baş tutmadı.

Xahiş edirəm, bu dəfə də Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin qanunsuz niyyətinin reallaşmasına imkan verməyəsiniz. Ən mühüm təvəqqem də odur ki, cənub meşələrində baş verən ekoloji cinayətlərin araşdırılması üçün aidiyyəti qurumlara tapşırıq verəsiniz!скачать dle 12.1