Bia.Az

Ölüm işinə görə 4 il həbsdən sonra bəraət alan şəxs: “Mənə ağlasığmaz işgəncə verirdilər ki, boynuma götürüm...”

Cəmiyyət
 28-12-2023, 14:55     218

Gəncə sakini, qəsdən adam öldürmə ittihamıyla 2020-ci ilin fevralından həbsdə olan Polad İsmayılov 4 il sonra bəraət alıb. Dekabrın 28-də Şəki Apellyasiya Məhkəməsində hakim Rövşən Rəfiyevin sədrliyilə onun haqqında bəraət hökmü çıxarılıb.

BİA.az Bizimyol.info portalına istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Polad İsmayılov hökmdən dərhal sonra məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər hökmü elan edərkən Polad İsmayılova təqsirsiz həbsdə saxlandığı 3 il 10 aylıq müddətə görə təzminat almaq hüququnu da izah edib. Bundan başqa, sözügedən qətlin istintaqını aparanlar haqqında da xüsusi qərar çıxarılıb.

Söhbət 2011-ci ilin fevralında Zaqatalada 61 yaşlı Seyran Əyyubovanın qətlə yetirilməsindən gedir.

Seyran Əyyubovanın evini müxtəlif adamlara gündəlik kirayə verirmiş. Bəzən onun evində 10-15 nəfər kirayənişin gecələyirmiş. “Mega Trans” MMC-də sürücü işləyən, yük maşınının sürücüsü olan Polad İsmayılov da Zaqataladakı daş bazarına gedib-gələrkən onun evində qalırmış.

İttihama görə, Polad İsmayılov ev sahibini qisas məqsədilə qətlə yetirib. Səbəb isə budur ki, hadisədən bir müddət əvvəl Polad İsmayılov ora qadın gətirib, ev sahibi də sonradan bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Polad İsmayılov isə bildirir ki, Seyran Əyyubovanı qətlə yetirməsi də, onun evinə qadın gətirməsi və ev sahibinin bu barədə polisə məlumat verməsi də yalandır: “Əgər mən ora qadın gətirmişdim və o da məni polisə satmışdısa, niyə sonradan mən yenə onun evində qalırdım? Ümumiyyətlə, belə bir hadisə baş verməyib”.

Polad İsmayılov bildirir ki, cinayətin üstü açılmadığına görə 9 il sonra onu qurban seçiblər: “Guya cinayətkarı tapdılar görüntüsü yaratmaq üçün...”

Onun sözlərinə görə, dəhşətli işgəncələr yoluyla bu işi onun boynuna qoyublar. Polad İsmayılov deyir ki, ona fiziki işgəncələr verməklə yanaşı, həm də övladlarıyla təhdid ediblər. Üstəlik, hədə-qorxu gəliblər ki, əgər razılaşıb etiraf ifadəsi verməsə, ev sahibini təcavüz edərək öldürməkdə ittiham olunacaq:

“Əl-ayağımı bağlayıb döyürdülər. Ağlasığmaz işgəncələr verirdilər...”

2011-ci ildə hadisə yerindən qadınla yanaşı, başqa bir şəxsə məxsus qan da tapılıb.

“Əgər cinayəti Polad törətmiş olsaydı, onun üzərində yara olardı. Çünki kəsik olmalıdır ki, ora qan tökülsün. Amma hadisədən sonra bir çoxları kimi Polad da ekspertizadan keçirilib, onun üstündə xəsarət olmayıb. Bu barədə rəy var. Üstəlik, hadisə yerindən tapılan qan 3-cü qrupdur, Poladın qanı 1-ci qrupdur. Polad ifadəsində deyir ki, öldürüb, bıçağı Kürdəmirdə çaya atmışam. Amma hadisədən dərhal sonra evdə kranın altında qanlı bıçaq tapılıb...”, - Polad İsmayılovun vəkili Zabil Qəhrəmanov məhkəmədə cinayət işindəki ziddiyyətlərdən danışıb.

Prokuror Abdulla Abdullayev bildirib ki, Polad İsmayılovun bu cinayəti törətməsi konkret faktlarla sübuta yetirilib. Ona görə onun haqqında 2020-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanmalıdır. Həmin hökmə əsasən, Polad İsmayılov 11 il azadlıqdan məhrum edilmişdi. Şəki Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlamışdı. Lakin 2023-cü ilin mayında Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını ləğv edib və bu işdə çoxsaylı ziddiyyətlər olduğu əsas gətirilərək, yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılıb.


2023-cü ilin sentyabrından Şəki Apellyasiya Məhkəməsi bu işi yenidən araşdırırdı.


BİA.az
скачать dle 12.1